
İsrail ordusu blokadada olan Qəzza zolağından silahlı qruplaşmanın İsrail ərazisinə sızdığını bildirib. İsrail ordusu son hadisələrdən sonra “müharibə vəziyyəti xəbərdarlığı” elan etdiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, İsrailə sızan qrup üçün “terrorçu” ifadəsini işlədən İsrail Ordusunun verdiyi açıqlamada yaxın saatlarda daha ətraflı məlumatın paylaşılacağı bildirilib.
Sosial mediada paylaşılan görüntülərə görə, Qəzza yaxınlığındakı İsrail yaşayış məntəqələrində silahlı qrup bir kamyonetlə irəliləyərkən görüntülənib. Evin damında silahlı şəxslərin yerləşdiyi görüntü və yolda irəliləyən silahlı qrupun polis maşınına atəş açdığını əks etdirən video paylaşılıb.
İsrailin Kanal12 televiziyasının xəbərinə görə, Qəzzadan 4 ayrı silahlı qrup ətrafdakı yaşayış məntəqələrinə daxil olub.
Fələstinli qrupların Qəzza zolağı yaxınlığında İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini atəşə tutduğu bildirilib.
İsrailin rəsmi yayımçısı KAN Qəzza ətrafındakı yaşayış məntəqələrinə raket atılması nəticəsində bir israilli qadının öldüyünü bildirib.
Səhər saatlarında Qəzza zolağından İsrailə raket zərbəsi endirilib.
İsrailin blokadası altında olan Qəzza zolağından İsrailə qarşı hücumların ardından İsrail ordusu açıqlama verib: “Müharibə xəbərdarlığı elan edirik. Son bir saatda Qəzzadan İsrailə irimiqyaslı raket hücumları başlayıb və terrorçular bir neçə fərqli nöqtədən İsrailə sızıblar. Biz sərhədə yaxın ərazilərdəki adamlarımıza mühafizə olunan ərazilərə yaxın olmalarını tapşırırıq”.
İsrail ordusu sözçüsündən verilən başqa bir yazılı açıqlamada HƏMAS-ın raket atışları və İsrail ərazisinə sızmağı əhatə edən hərtərəfli əməliyyat başlatdığı açıqlanıb. İsrail ordusu öz vətəndaşlarından təlimatlara əməl etməyi tələb edib.
Qəzzadan atılan raketlərə görə Qüdsdə hücum xəbərdarlığı sirenləri səslənib. İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemindən atılan raketlər səbəbindən Qüds səmasında partlayış səsləri eşidilib.
İsrail ordusu sözçüsü tərəfindən verilən açıqlamaya görə, Qəzzada raketlərin atıldığı hədəflərə qarşı hücuma keçib.
İsrail İctimai Yayım Korporasiyasının (KAN) xəbərinə görə, müdafiə naziri Yoav Gallant ehtiyatda olan hərbçilərin xidmətə çağırılması ilə bağlı qərar imzalayıb.
Səid Əhmədli
Gununsesi.info