Fələstin əleyhinə açıqlamaları ilə İsraildə gündəmdə qalan ifrat sağçı nazir Ben-Qvir, Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətini dağıtmaqla hədələyib.
Gununsesi.info xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir X sosial media platformasındakı paylaşımında Qəzzaya hücumların dayandırılmasını onun hökumətinin “parçalanması” kimi qiymətləndirib.
“Savaşın (Qəzzaya hücumların) dayandırılması = hökumətin dağılması”, – deyə Ben-Qvir yazıb.
İsraildə koalisiya hökuməti qurmaq üçün 120 yerlik parlamentin mütləq əksəriyyətini təşkil edən 61 deputatın dəstəyini almaq lazımdır. Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətini təşkil edən partiyaların yerlərinin sayı 64-dür.Koalisiyada yer alan Ben-Qvirin rəhbərlik etdiyi Otzma Yehudit (Yəhudi Gücü) partiyasının 5 deputatı var.
İsrail ordusu HƏMAS-ın hücumundan sonra oktyabrın 7-də Qəzza zolağına hücumlara başlayıb. Qətər və Misirin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında əldə edilən məhbus mübadiləsi razılaşması çərçivəsində 24 noyabrda Qəzzada qarşıdurmalar 4 gün müddətinə dayandırılıb. Danışıqlardan sonra bu humanitar atəşkəs daha 2 gün uzadılıb.
Netanyahunun sədrlik etdiyi Likud Partiyası daxilindən ona qarşı çevriliş olacağından narahat olduğu İsrail mətbuatında da əksini tapıb.
Gununsesi.info