
İsrailin münaqişələr səbəbindən bölgəni tərk edən İsrail vətəndaşlarına Qəzza zolağı ətrafındakı yaşayış məntəqələrinə qayıtmaları müqabilində rüşvət verdiyi iddia edilib.
Gununsesi.info-nun məlumatına görə, İsrailin cənubundakı Yəhudi Məskənləri Şurasının sədri Tamer Eydan “rüşvət” iddiası ilə bağlı “Yediot Ahronot” qəzetinə açıqlama verib.
Eydan Qəzza zolağı ətrafındakı bölgələrin hələ də raket hücumlarına məruz qaldığına diqqət çəkib. “İsrail hökuməti bölgə sakinlərinə yaşayış yerlərinə qayıtmaq müqabilində maliyyə yardımı adı altında rüşvət verir”, – deyə o əlavə edib.
Özü də hakim Likud Partiyasının üzvü olan Eydan, “İsrail hökuməti insanlardan oktyabrın 6-na qayıtmağı xahiş edir, lakin onların təhlükəsizliyini təmin etmək məsələsində kənara çəkilir” deyib.
Eydan hökuməti təhdidləri aradan qaldırmadan və regionda təhlükəsizliyi təmin etmədən köçkünləri bölgəyə qaytarmağa çalışmaqda ittiham edib.
Qəzet öz xəbərində qeyd edib ki, bölgəyə qayıtmağa razı olanlar “inteqrasiya bonusu” adı altında maliyyə yardımı alacaq, qəbul etməyənlər isə ölkənin mərkəzi bölgələrində otellərdə qalmağa davam edəcəklər.
İsrail dövlət televiziyası KAN İsrail ordusunun Qəzza zolağı ətrafındakı 6 yəhudi yaşayış məntəqəsinin sakinlərinin oktyabrın 7-dən sonra boşaldıqları yerlərə qayıtmaları üçün hazırlıq gördüyünü açıqlayıb.
Digər tərəfdən, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriç “Qəzza zolağındakı fələstinlilərin bölgədən könüllü köçünü dəstəklədiklərini” açıqlayıb.
Ben-Qvir X sosial media platformasındakı paylaşımında köç edəcək fələstinlilərin məskunlaşması ilə bağlı “Dünyada bizə kömək edəcək ortaqlarımız var” deyib.
İsrail naziri miqrasiya ilə bağlı onlara kömək edəcək tərəfdaşların kim və hansı ölkələr olduğu barədə məlumat verməyib.
Ben-Qvir Qəzzə xalqının köçünün təşviq edilməsinin, əvvəllər Quş Katif kimi yerlərdə və ya Qəzza ətrafında yaşayan yəhudi köçkünlərin yenidən gəlmələrinə imkan verəcəyini vurğulayıb.
İsrail ordusu radiosunun məlumatına görə, ifrat sağçı maliyyə naziri Smotriç “Qəzza zolağı üçün doğru həll qaçqınları qəbul edən ölkələrə könüllü miqrasiyanı təşviq etməkdir” deyib.
Gununsesi.info