İsraildə vəziyyət gərginləşir – 1 nəfər ölüb, 15 nəfər yaralanıb

Mühasirəyə alınmış Qəzza zolağından bu gün səhər saatlarında İsrailə qarşı başladılan hücumlar nəticəsində bir nəfər ölüb, daha 15 israilli yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin “Davidin Qırmızı Ulduzu” təcili xidmətinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Zərərçəkənlərdən ikisinin vəziyyəti ağır, altısının vəziyyəti orta ağırdır, daha yeddi nəfər yüngül xəsarət alıb”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl HƏMAS-ın silahlı qanadı İsrailə qarşı Əl-Əqsa tufanı əməliyyatına başladığını açıqlayıb.

HƏMAS silahlı qanadı İzzəddin əl-Qəssamın komandiri Məhəmməd əl-Dayf  bildirib ki, “Birinci mərhələdə İsrail mövqelərinə 5000 raket və minaatan atılıb”.

“Fələstin xalqı öz inqilabını yenidən kəşf edir və dövlət yaratmaq layihəsinə qayıdır. Biz İsrailin qanun pozuntularına qarşı xətt çəkmək qərarına gəldik və İsrailə qarşı Əl-Əqsa tufanı əməliyyatına başladıq”, – deyə əl-Dayf bildirib.

Onun sözlərinə görə, ilk mərhələdə İsrailin hərbi obyektləri və hava bazaları hücuma məruz qalıb. Əl-Deyf vurğulayıb ki, İsrail istiqamətində raketlərin buraxılması davam edəcək.

Səid Əhmədli
Gununsesi.info