İsraildə Xocalı soyqırımının qurbanları anılıb

  • By ilhame
  • 25 Fevral 2024 15:08

İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən Yəhudi Xalqları Muzeyində (Diaspor Muzeyi) Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

 

Bu barədə sayta Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində baş tutan tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman (Yana Salman) 613 günahsız insanın erməni işğalçıları tərəfindən qətlə yetirilməsi haqqında məlumat verib.

 

Daha sonra tədbir iştirakçıları Yerusəlim yaxınlığındakı Prezident Parkında 2014-cü ildə Azərbaycan-İsrail (“Azİz”) Beynəlxalq Assosiasiyası tərəfindən Xocalı faciəsi qurbanlarının xatirəsinə əkilmiş ağacların olduğu meşə ərazisini ziyarət ediblər. Yeganə Salman və Azərbaycanın istiqlal şairi Əhməd Cavadın Aşkelon şəhərində yaşayan nəvəsi Yaqut Abdullayeva çıxış edərək, xalqların taleyində baş verən bu kimi kədərli hadisələrin həmişə xatırlanmalı və heç vaxt unudulmamalı olduğunu vurğulayıblar. Qeyd ediblər ki, Azərbaycan 30 illik işğaldan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazilərini erməni qəsbkarlarından azad edib, əzəli Azərbaycan ərazilərini geri qaytarıb və bununla da Qafqazda tarixi ədaləti bərpa edib.

 

Tədbirin sonunda Azərbaycanın İsraildəki səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və “Azİz” Beynəlxalq Assosiasiyası adından “Xocalı 613” məlumat lövhəsinin önünə əklil qoyulub.

 

Qeyd edək ki, İsraildəki Azərbaycan icması artıq uzun illərdir Azərbaycan tarixinin bu qaranlıq səhifəsi ilə mümkün qədər çox İsrail vətəndaşını tanış etmək məqsədilə Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsinə həsr olunmuş fotosərgilər, elmi konfranslar və kitab təqdimatları təşkil edir.

Gununsesi.info