İsraildən daha bir qan donduran hərəkət: Qadınları və uşaqları güllələdi – Aralarında yeni doğulmuş körpələr də var

  • By admin
  • 14 Dekabr 2023 12:26

Həftələrdir Qəzzada mülki yaşayış məntəqələrini, xəstəxanaları və məktəbləri bombalayan İsrailin qan donduran növbəti qətliamı üzə çıxıb.

Gununsesi.info bildirir ki, Qətər mərkəzli Əl-Cəzirə televiziyasının xəbərinə görə, Qəzzanın şimalında qurudan irəliləyən İsrail əsgərləri Cibaliye qaçqınlar düşərgəsinin qərbindəki Əl-Fəllucə bölgəsində mülki şəxslərin sığındığı məktəbə basqın edib.

İsrail əsgərlərinin bombalardan xilas olmaq üçün çoxlu sayda mülki vətəndaşın sığındığı Şadiya Əbu Qəzala məktəbinə girdiyi və kişiləri saxladıqdan sonra qısa məsafədən atəş açaraq içəridəki qadın və uşaqları qətl etdikləri qeyd edilib. Hadisə şahidləri bildiriblər ki, öldürülənlər arasında yeni doğulmuş körpələr də var.

Əl-Cəzirə tərəfindən paylaşılan görüntülərdə yerdə qan içində cansız bədənlər görünür.

Hadisəni yaşayan fələstinli qadın, “İsrail əsgərləri gəlib hamıya atəş açıblar. Kişiləri götürüb, daha sonra siniflərə girərək qadın və uşaqları atəşə tutublar. Qısa məsafədən günahsız ailələri qırıblar” deyib.

Son rəqəmlərə görə, İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 8 mini uşaq, 6 min 200-ü qadın olmaqla 18 min 608 fələstinli həyatını itirib.

Gununsesi.info