İsraildən Qəzza ilə bağlı ŞOK plan: “The Wall Street Journal” detalları yazdı

  • By admin
  • 05 Dekabr 2023 11:57

İsrail hərbçiləri Qəzza zolağında Həmasın istifadə etdiyi tunelləri su ilə doldurmağı düşünür.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” Amerika hakimiyyət orqanlarına istinadən yazır.

Nəşrin məlumatına görə, noyabrın ortalarında İsrail Müdafiə Qüvvələri (IDF) Əş-Şati qaçqın düşərgəsindən təxminən bir kilometr yarım şimalda ən azı beş nasosun quraşdırılmasını başa çatdırıb. Qəzet yazır ki, saatda minlərlə kubmetr su verildikdə, yeraltı şəbəkə bir neçə həftə ərzində tamamilə su altında qala bilər.

HƏMAS-ın Qəzza zolağında saxladığı bütün girovlar azad edilənə qədər İsrail hərbçilərinin bu varianta əl atıb-etməyəcəyi bəlli deyil.

İDF-nin məlumatına görə, tunellər Qəzza zolağında məktəblər və idman mərkəzləri, məscidlər və xəstəxanaların altından keçir. Bu tunellərin sistemi haqqında dəqiq məlumat yoxdur. 2021-ci ildə HƏMAS-ın liderlərindən biri və onun Qəzza zolağındakı Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar açıq şəkildə Qəzza zolağında tunellərin 500 kilometrə çatdığını bəyan edib. Bu məlumatları yoxlamaq mümkün deyil. İsrail əsgərləri bu yeraltı labirintini “Qəzza metrosu” adlandırırlar.

HƏMAS uzun illərdir ki, geniş yeraltı keçid sistemindən hərbi məqsədlər üçün, o cümlədən İsrail ərazisinə sızmaq üçün istifadə edir. İDF iddia edir ki, bu, oktyabrın 7-də İsrailə hücum zamanı baş verib. İsrail ordusu noyabr ayında Qəzzada “Şifa” xəstəxanasının altında tunel də aşkarlayıb. HƏMAS tunel sisteminin mülki hədəflər altında işlədiyini inkar edir, lakin hələ də girovları burada saxladığını təsdiqləyir.

İsrail ordusu oktyabrın 7-də Həmasın İsrailin cənubuna hücumuna cavab olaraq Qəzza zolağında hərbi əməliyyata başlayıb. İsrailə hücumlar nəticəsində 1200 nəfər həlak olub, 240-dan çox insan girov götürülüb. Bir həftəlik humanitar atəşkəs zamanı yüzdən çox girov – qadın, uşaq və əcnəbi azad edilib.

Qəzzanın HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab əməliyyatının başlamasından bu yana öldürülən fələstinlilərin sayı, əksəriyyəti qadın və uşaqlar olmaqla 15 mini keçib.

Gununsesi.info