Ötən gecə İsrail HƏMAS-ın qərargah kimi istifadə etdiyini iddia etdiyi “Şifa” xəstəxanasına basqın edib. İsrail ordusunun basqın zamanı paylaşdığı və girovların saxlanmasına dair heç bir əlamət göstərməyən görüntülər də tənqidlərə səbəb olub. Əsgərlər dəlil olaraq tunel və sursat anbarları yerinə binada tapdıqlarını iddia etdikləri paslı silahları və bir neçə kameranı göstərərkən, İsrail televiziya kanalları bu prosesi “İsrailin əsas kəşfiyyat uğursuzluğu” kimi şərh edib.
Gununsesi.info xəbər verir ki, İsrail ordusunun ötən gecə “Şifa” xəstəxanasına basqından 17 saat sonra iddiasına sübut kimi təqdim etdiyi görüntülər istənilən nəticəni verməyib. Şifa xəstəxanasının ətrafını və həyətini tanklarla mühasirəyə alan və xəstəxananı tamamilə xaricə bağlı saxlayan İsrail ordusunun verdiyi açıqlamada MRT-də (maqnit rezonans görüntüləmə) “silah və elektron cihazların” ələ keçirildiyi iddia edilib.
Ordunun paylaşdığı görüntülərdə kompüter, yarım qutu xurma, kitablar və əksəriyyəti paslı olan, HƏMAS-a aid olduğu iddia edilən təxminən 10 “Kalaşnikov” avtomatı, jilet və əl qumbarası kimi silahlar var. Bununla belə, görüntülərdə tunel və ya gizli keçid kimi sabit elementlər və ya xəstəxananın HƏMAS-ın qərargahı olduğunu göstərən israilli məhbuslara dair hər hansı bir dəlil göstərilməyib.
İsrail ordusunun “Həmasın əsas qərargahı olduğu üçün beynəlxalq qoruma statusuna malik olmadığını” iddia etdiyi “Şifa” Xəstəxanasında həftələrlə açıqladığı tapıntılar İsrail mətbuatında da tənqid mövzusu olub. İsrailli jurnalist və təhlükəsizlik üzrə analitik Yossi Koen X sosial media platformasındakı paylaşımında “Şifa (xəstəxana) haqqında mənfi hisslər keçirdiyini” qeyd edib.
İsrailin Kanal 13 televiziyası da “İsrailin böyük kəşfiyyat uğursuzluğu” şərhini verib və “İsrail ordusunun iddialarının əksinə olaraq, “Şifa” xəstəxanasında hər hansı bir hərbi obyektin olduğuna dair heç bir işarə yoxdur” deyə tənqid edilib. İsrailin sağçı “Jerusalem Post” qəzeti də “Şifa” xəstəxanasına basqın zamanı İsrail ordusunun gəldiyi nəticəni “məyusedici” adlandırıb.
Qəzetin internet saytındakı xəbərdə “İsrail ordusu kəşfiyyatı 7 oktyabrda İsrailə hücum edən Həmas üzvlərindən 200-nün “Şifa” xəstəxanasında olduğunu bildirib. Bu 200 Həmas qüvvəsi buxarlanıb yoxa çıxıbmı?” yazılıb.
Gununsesi.info