İsraili qorxudan ehtimal: Quru əməliyyatını gecikdirən SƏBƏBLƏR

İsrailli ekspertlər ordunun Fələstin silahlı qruplaşmaları ilə toqquşmalarda itkilər verməsi, Livan və ya Suriyadan yeni cəbhələrin açıla biləcəyi ehtimalı və ABŞ-ın Təl-Əviv administrasiyasına məhbuslar üçün müraciət etməsi səbəbindən ordunun Qəzza zolağında quru əməliyyatını təxirə saldığını bildirir.

Gununsesi.info xəbər verir ki, quru əməliyyatından əvvəl İsrailin Qəzza zolağına və xüsusilə onun şimal hissəsinə qarşı hava hücumlarını gücləndirməli və davam etdirməli olduğu iddia edilir.

Həddindən artıq sağçı Likud Partiyasından olan təhsil naziri Yoav Kiş KAN-a verdiyi açıqlamalarda Qəzza zolağında quru əməliyyatına tələsməmək lazım olduğunu bildirib.

“Qəzza zolağına havadan hücum etməyə davam etməliyik. İsrailin də beynəlxalq dəstəyi var”, – deyə nazir bildirib.

Bildirilir ki, İsrail ordusu quru əməliyyatına başlayacağı təqdirdə, Qəzza zolağında Fələstin silahlı qruplarının ciddi müqaviməti ilə qarşılaşmaqdan qorxur.

“Yedioth Ahronoth” qəzetinin yazarı və analitiki Avi Issacharoff İsrail üçün quru əməliyyatından başqa çarə olmadığını yazıb. “İsrail hökumətinin quru əməliyyatından başqa variantı yoxdur, lakin bu da asan olmayacaq. İsrail ordusu ilə silahlı qruplar arasında şiddətli toqquşmalar olacaq”, – deyə o qeyd edib.

İsrailin dövlət televiziyası KAN-dan verilən xəbərdə, İsrail ordusunun xüsusi bölmələrinin Qəzza zolağında quru əməliyyatına hazırlıq məqsədilə bir neçə gündür tunellərə basqın etmək üçün təlim keçdiyi paylaşılıb.

Xəbərdə Həmasın Qəzza zolağında qurduğu tunel şəbəkəsinə diqqət çəkilib. “İsrail əsgərləri tunellərdə HƏMAS ünsürlərinin olduğu yerləri tapmaq üçün qabaqcıl texnoloji vasitələrlə öyrədilir. Təlimlərə Qəzzada tunellərin yerləşdirilməsi və məhv edilməsi də daxildir”, – deyə xəbərdə bildirilir.

İsrailin Qəzzada quru əməliyyatına başlamasına Livandakı “Hizbullah” qruplaşmasının mövqeyinin, Livan və Suriyada yeni cəbhələr açmaq ehtimalının da təsir etdiyi düşünülür.

İsrailli analitik Yedid Tel-Əviv rəhbərliyinin şimaldan açıla biləcək yeni cəbhəyə önəm verdiyini vurğulayıb.

“”Hizbullah” indiyədək sərhəd bölgələrinə bəzi raketlər atmaqla fələstinlilərə dəstəyini nümayiş etdirməyə çalışıb. İsrailin hesablamalarına görə, “Hizbullah” da müharibədə fəal iştirak etmək istəmir, İsrail də. Lakin müharibənin başlaması ilə Qəzza zolağında quru əməliyyatına kimin və hansı reaksiya verəcəyini proqnozlaşdırmaq mümkün deyil”, – deyə analitik bildirib.

Yedid bütün imkanların mümkün olduğunu işarə edib: “İsrail Suriyadan cəbhə açıla biləcəyini də nəzərə alır. Əslində, İran İsrailin Livana böyük bir hücuma keçməsinin qarşısını almaq üçün “Hizbullah”ı birbaşa müharibəyə cəlb etmək istəməyə bilər. Ona görə də razılığa gəlməyə çalışır. Suriyadan İsrailə bir zərbə ola bilər”.

Gununsesi.info