İsrailin 146 gün mühasirədə və hücumda aclığa səbəb olduğu Qəzzada dinc əhalinin üzərinə yenə güllələr yağdırıb.
Gununsesi.info xəbər verir ki, Qəzzanın cənubundakı Nablusi qovşağının yaxınlığında humanitar yardım almağı gözləyən yüzlərlə fələstinliyə hücum edilib. Hücum nəticəsində 112 nəfər ölüb, 760 nəfər yaralanıb.
İsrail təhlükəsizlik mənbələri etiraf edib ki, Qəzza zolağının şimalında aclıqla mübarizə aparan fələstinlilər humanitar yardım maşınlarını mühasirəyə alaraq İsrail qüvvələrinə yaxınlaşanda əsgərlər onları təhlükə olaraq görüb və camaata atəş açıblar.
Mənbələr, yardım maşınlarını mühasirəyə alan fələstinlilərin yük maşınlarının keçməsinə icazə verən İsrail əsgərlərini “təhdid etməyə yaxınlaşdıqlarını” iddia edərək, İsrail əsgərlərinin vəziyyətə atəş açaraq cavab verdiyini etiraf ediblər. Mənbələr hadisənin araşdırıldığını bildiriblər.
İsrail ordusundan verilən yazılı açıqlamada, “Qəzza sakinlərinin yük maşınlarını mühasirəyə alaraq yardımları yağmalamağa başladığı, qarşıdurma və izdihamda bəzi fələstinlilərin də yaralandığı” iddia edilib.
Ağ Ev İsrail tərəfindən kömək gözləyən qəzzalıların vurulmasının “ciddi hadisə” olduğunu və hücumun təfərrüatlarını araşdıracaqlarını açıqlayıb.
“Bu, ciddi bir hadisədir və biz onun təfərrüatlarını araşdıracağıq. Günahsız insanların itkisinə görə kədərlənirik və günahsız fələstinlilərin sadəcə ailələrini dolandırmağa çalışdıqları Qəzzada təcili humanitar vəziyyətdən xəbərdarıq. Bu, vəziyyət Qəzzaya humanitar yardım, o cümlədən potensial müvəqqəti atəşkəs tələb edir. Bu, yardım axınının təmin edilməsi və genişləndirilməsinin vacibliyini bir daha ortaya qoyur”, – deyə açıqlamada bildirilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qida hüququ üzrə xüsusi məruzəçisi Maykl Fəxri bəyan edib ki, İsrail “fələstinliləri qəsdən aclığa məcbur edir” və bu cinayətə görə məsuliyyət daşımalıdır.
Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən açıqlamada, İsrailin hücumu nəticəsində Qəzzanın qərbinə yardım materiallarının daşınması zamanı yüzlərlə insanın ölməsi və yaralanmasının dəhşətli olduğu bildirilib.
Gununsesi.info