İsrailin azad etdiyi girov qadın: “Atamı öldürməklə təhdid etdilər”

  • By admin
  • 01 Dekabr 2023 09:38

HƏMAS və İsrail arasında əsir mübadiləsi razılaşması çərçivəsində İsrail həbsxanasından azad edilən fəal Ahed əl-Temimi deyib ki, İsrail rəsmiləri fələstinli qadınları susuz və paltarsız saxlayır.

Gununsesi.info-nun məlumatına görə, “Cəsur Fələstinli qız” kimi tanınan Temimi azadlığa çıxdıqdan sonra “Anadolu” agentliyinə deyib ki, İsrail qırğınları arasında fələstinli məhbusların azad edilməsi mübahisəlidir.

O, həbsxanada İsrailin oktyabrın 27-də başlayan quru hücumlarından sonra saxlanılan 10-u Qəzza zolağından olmaqla 30-a yaxın fələstinli qadın məhbusun qaldığını bildirib. O qeyd edib ki, onların vəziyyəti ağırdır.

23 yaşlı Temimi noyabrın 6-da israillilər tərəfindən saxlanılaraq həbsxanaya göndərilib. Qız İsrail həbsxanasında şahidi olduğu qanun pozuntularından danışıb:

“Həbsxanada vəziyyət çox ağırdır, qadın məhbuslar hər gün zorakılığa məruz qalırlar. Qadın məhbuslar susuz, paltarsız qalır, yerdə yatırlar, döyülürlər”.

Temimi bildirib ki, İsrail hakimiyyəti həbsxanada baş verənlərdən danışacağı təqdirdə atasını öldürməklə hədələyib: “Nə olursa olsun, biz işğalçılardan güclüyük. Azadlığa nail olana qədər müqavimətimizi davam etdirəcəyik”.

Oktyabr ayında işğal olunmuş İordan çayının qərb sahilinin Ramallah şəhərində İsrail əsgərləri Temiminin atasını saxlayıblar. O, hələ də İsrail həbsxanasında saxlanılır.

“Cəsur Fələstinli qız” kimi tanınan Ahed əl-Temimi 2012-ci ildə İstanbulda Hanzala Cəsarət Mükafatına layiq görülüb.

Temimi Rəcəb Tayyib Ərdoğan Türkiyənin baş naziri olarkən də onunla görüşüb.

2017-ci ildə Temimi İsrail hərbçiləri tərəfindən saxlanılıb və 8 ay həbsdə yatıb.

Gununsesi.info