İsrailin yeni planı: Arxasında Vaşinqtonun göstərdiyi təzyiq dayanır

  • By admin
  • 02 Yanvar 2024 14:35

İsrail ordusu bu həftə ən azı iki briqadadan ehtiyatda olan əsgərlərin evlərinə göndəriləcəyini və üç briqadanın təlim üçün geri çağırılacağını açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, İsrail ordusunun sözçüsü Daniel Haqari deyib ki, bəzi əsgərlərin evə göndərilməsi “müharibənin bitməsi demək deyil”.

Haqari qeyd edib ki, ehtiyatda olan əsgərlərdən bir neçəsi gələn il ərzində xidmətə çağırıla bilər. Briqadaların miqyası təxminən 4 min əsgərə qədər dəyişə bilər. İsrail ordusu Qəzzada neçə əsgər yerləşdirdiyini açıqlamır.

İsrail ordusu qoşunların çıxarılması ilə bağlı verdiyi açıqlamada “bu qərarın iqtisadi yükləri əhəmiyyətli dərəcədə yüngülləşdirəcəyini” ifadə edərək, müharibənin İsrail iqtisadiyyatına getdikcə daha ağır təsir etdiyinə diqqət çəkib.

Digər tərəfdən, əsgərlərin bir hissəsinin toqquşmaların daha intensiv olduğu şəhərin cənub yarısına yönəldildiyi bildirilib. Qoşunların köçürülməsi Qəzzanın şimal yarısında döyüşlərin azalmasından xəbər verir.

İsrail bir müddətdir ki, hücumların intensivliyini azaltmaq üçün ABŞ-ın təzyiqi altındadır.

Çıxarma xəbəri dövlət katibi Antoni Blinkenin bölgəyə səfərindən əvvəl yayılıb.

ABŞ rəsmisi “NBC News”a bildirib ki, İsrailin Qəzza zolağındakı münaqişədən bəzi qüvvələrini çıxarmaq planlarının arxasında Vaşinqtonun göstərdiyi təzyiq dayanır.

Gununsesi.info