İsrailin energetika naziri İsrael Katz 7 oktyabr hücumlarında iştirak edən HƏMAS-ın silahlı qanadının üzvlərini edam etməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, israilli nazir bu barədə “X” sosial şəbəkə platformasında yazıb.
Nazir qeyd edib ki, bu məqsədlə xüsusi hərbi məhkəmə yaradılması üçün ədliyyə nazirinə müraciət edib.
“Mən Ədliyyə naziri Yariv Levini oktyabrın 7-də İsrail dövlətinə hücum edən HƏMAS-ın, nasistlərin və onların işbirlikçilərinin cinayətləri ilə bağlı qanunların icrası üçün xüsusi hərbi məhkəmə yaratmağa və öldürən, boğaraq, zorlayan və onların törətdikləri vəhşilikləri lentə alan şəxslərə ölüm cəzası tətbiq etməyə çağırdım”, – deyə nazir qeyd edib.
Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əqsa Tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
İsrail-Fələstin münaqişəsinin gərginləşməsinin əvvəlindən bəri 1400-dən çox israilli və 5700-dən çox fələstinli həlak olub.
Gununsesi.info