ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailin hərbi səylərinə ziyan vurur.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin ultrasağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir “The Wall Street Journal”a (WSJ) müsahibəsində deyib.
Nazir əmindir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp builki seçkilərdə yenidən prezident olarsa, o, “İsrailə HƏMAS-ı məhv etmək üçün daha çox azadlıq verəcək”.
“Bayden İsrailə tam dəstək vermək əvəzinə, HƏMAS-ın əlinə keçən Qəzzaya yanacaq və humanitar yardım göndərməklə məşğuldur. Əgər Tramp hakimiyyətdə olsaydı, ABŞ-ın mövqeyi tamamilə fərqli olardı”, – deyə İsrail nazir bildirib.
Eyni zamanda, İsrail siyasi dairələri Ben-Qvirin ABŞ prezidenti Co Bayden administrasiyasını tənqid edən bəyanatlarından narazıdır.
İsrail hərbi kabinetinin üzvü Benni Qantz X sosial şəbəkəsində yazıb: “Bizim hətta ən böyük və ən mühüm müttəfiqimizlə də fikir ayrılığımız ola bilər, lakin onlar mediada məsuliyyətsiz bəyanatlarla deyil, müvafiq forumlarda həll edilməlidir”.
Qantz bildirib ki, Ben-Qvirin bəyanatları hazırkı vəziyyətdə İsrailin strateji münasibətlərinə, milli təhlükəsizliyinə və hərbi səylərinə zərər verir.
Onun sözlərinə görə, Ben-Qvir daxili təhlükəsizlik məsələlərini həll etmək əvəzinə İsrailin beynəlxalq münasibətlərinə böyük ziyan vurub.
Ben-Qvirin “The Wall Street Journal”a verdiyi müsahibə İsrailin beynəlxalq etibarına, hərbi səylərinə və təhlükəsizliyinə birbaşa zərbə vurdu, İsrail müxalifətinin lideri Yair Lapid deyib. “Bəlli oldu ki, Ben-Qvir xarici siyasətdən heç nə başa düşmür”, o, sosial şəbəkədə yazıb.
Yanvarın 31-də parlamentin iclasında çıxış edən Ben-Qvir hökumətin HƏMAS ilə Qəzza zolağında atəşkəs və məhbus mübadiləsinə dair razılıq əldə etməsi ilə bağlı fikir ayrılığını təkrarlayıb.
ABŞ-ı bu mövzuda İsrailə təzyiq etdiyinə görə tənqid edən nazir, “İsrail banan dövləti deyil” deyib.
“Amerikalılar xəbərdarlıq etmədən İsraili idarə etməyə başladılar? Belə olan halda biz rəsmən iddia edə bilərik ki, qərarları İsrail hökuməti verir, lakin bu, uduzmağımız deməkdir. Bəlkə də solçular bunu istəyir. Ola bilsin ki, Baydenin bizi idarə etməsini istəyirlər”, – deyə nazir bildirib.
Gununsesi.info