İşsizlər üçün nəzərdə tutulan büdcə açıqlandı - HESABLAMA PALATASININ RƏYİ

  • By admin
  • 25 Yanvar 2018 15:34

Bu ildən fəaliyyətə başlayan İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi 89 milyon manat təsdiq edilib.

Gununsesi.info bunu Hesablama Palatasının Fondun büdcəsi ilə bağlı rəyinə istinadən edir.

Hesablama Palatası qeyd edir ki, “İşsizlikdən sığorta haqqında” Qanunda xərc istiqaməti kimi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi nəzərdə tutulsa da, Fondun 2018-ci il büdcəsi ilə bağlı layihədə belə bir istiqamət proqnozlaşdırılmayıb.

Fondun 2018-ci il üzrə gəli mənbələri aşağıdakı kimidir:

  1. Büdcədən maliyyələşən təşkilatlar üzrə 17.7 milyon manat
  2. Büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17.7 milyon manat
  3. Digər sığortaedənlər 53.5 milyon manat
  4. Sair gəlirlər 20 min manat

Palata Rəyində qeyd edir ki, 2018-ci il dövlət büdcəsinin layihəsində növbəti ildə büdcə təşkilatlarında çalışanların əmək haqqı fondu 3514507,5 min manat məbləğində proqnozlaşdırılıb. Göstərilən əmək haqqı fondunu nəzərə alındıqda İşsizlikdən Sığorta Fonduna ödəniləcək sığorta haqqı 17572,5 min manat olmalıdır ki, bu da müvafiq mənbə üzrə qanun layihəsində əks olunan 17726,2 min manatdan 153,7 min manat və ya 0,87% azdır. Bu, məcburi dövlət sığorta haqlarından fərqli olaraq işsizlikdən sığorta sistemində azadolmaların müəyyən edilməməsi ilə izah olunur.

Fondun 2018-ci il büdcə layihəsində onun gəlirlərinin böyük hissəsi, yəni 53567,6 min manatı və ya 60,16%-i qeyri-büdcə sektoru üzrə işəgötürənlərin və işçilərin ödədikləri sığorta haqlarından formalaşacaqdır.

Qanuna əsasən fiziki şəxs hər hansı şəxslə əmək müqaviləsi bağladıqda həmin şəxsə görə sığorta haqqı ödəsə də əməyin ödənişi fondu olmadığı üçün özünə görə sığorta haqqı ödəmir. “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Qanun layihəsində Dövlət Sosial Müdafiə Fondunun qeyri-büdcə sektoru üzrə gəlirləri məcburi dövlət sosial sığorta haqlarını öz gəlirlərinə nisbətdə ödəyən şəxslərin, mülkiyyətində kənd təsərrüfatına görə yararlı torpaqları istifadə edənlərin və fiziki şəxslərin özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqları da (cəmi 42000,0 min manat) daxil olmaqla 1408026,0 min manat proqnozlaşdırılıb. Bunu nəzərə alaraq qeyri-büdcə sektoru üzrə Fonda bu sektordan 54641,04 min manat məbləğində vəsaitin daxil olacağını qeyd etmək olar. Bu isə proqnozlaşdırılmış vəsaitdən 1073,44 min manat və ya 2,0% çoxdur. “Göstərilənlər qeyri-büdcə sektoru üzrə daxilolmaların proqnozlaşdırılmasında ehtiyatlı yanaşmanın tətbiq edildiyini, bu istiqamətdə əlavə potensialın mövcud olduğunu qeyd etmək imkanı verir. Yuxarıda qeyd olunduğu kimi, əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri; dövlət orqanları; fiziki şəxslər; seçkili orqanların rəhbərləri sığortaedən sayılır. Beləliklə, fiziki şəxs hər hansı şəxslə əmək müqaviləsi bağladıqda həmin şəxsə görə sığorta haqqı ödəsə də əməyin ödənişi fondu olmadığı üçün özünə görə sığorta haqqı ödəmir.

Bir sıra şəxslərin (podratçı və subpodratçı tərəfində işləyən əcnəbilər və s.) əmək haqqı və digər məcburi dövlət sosial sığortasına cəlb olunmur. Lakin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununda həmin şəxslərin sığorta haqqını ödəyib-ödəməməsi barədə hər hansı norma müəyyən edilməyıb”- Rəydə bildirilir.

Sözügedən Fondun xərclərinə gəlincə, istiqamətləri aşağıdakı kimidir:

  1. işsizliyə görə sığorta ödənişləri 33,478 milyon mabat
  2. peşə hazırlığı və əlavə təhsilin təşkili 1,6 milyon manat
  3. peşə yönümlü məsləhət xidmətlərinin göstərilməsi 1,1 milyon manat
  4. 4 əmək yarmarkalarının və əmək birjalarının təşkili 120 min manat
  5. haqqı ödənilən ictimai işlərin təşkili 1,788 milyon manat
  6. özünəməşğulluq tədbirlərinin təşkili 35,8 milyon manat
  7. sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi 1,3 milyon manat
  8. məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri 13,7 milyon manat

Məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri istisna olmaqla əhalinin məşğulluğunun təmin edilməsi üzrə xərclərin 2018-ci ildə 75331,0 min manat təşkil edəcəyi nəzərdə tutulub ki, bu da Fondun ümumi xərclərinin 84,6%-ini təşkil edəcəkdir.

Hesablama Palatası tövsiyyələrinde qeyd edir ki, Fondun statusunun müəyyən edilməsi və fəaliyyətinin tənzimlənməsi istiqamətində normativ-hüquqi sənədlər qəbul edilməyib.

Hesabatla daha geniş http://sai.gov.az/upload/files/ISF_layihe2018_27OKTYABR_F%C4%B0NAL.pdf linkindən tanış olam olar.

Vüsalə Rüstəmova

Gununsesi.info