
“Qarabağdakı separatçı rejimin sonuncu mitinqi Azərbaycanı təxribata çəkmək cəhdi idi. Amma Azərbaycan dövləti 44 Günlük Vətən Savaşındakı qalibiyyətindən sonra da özünü ləyaqətli apardı. Ermənistan və onun havadarları hesab edirdi ki, Azərbaycan Qarabağdakı mülki əhaliyə qarşı onların vaxtilə Xocalıda, Kəlbəcərdə etdikləri dəhşətli cinayətləri törədəcək və bununla bizi beynəlxalq aləmdə nüfuzdan salacaqlar. Amma Azərbaycan dövləti təmkinli davrandı. Bu gün də Qarabağdakı erməni əhalisi dinc, sakit şəraitdə yaşayır”.
Bunu Gununsesi.info-ya müsahibəsində Milli Məclisin deputatı Naqif Həmzəyev Qarabağ ermənilərinin Xankəndindəki mitinqini şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, post-müharibə dövründə Azərbaycanın sülh istiqamətində prinsipial mövqeyi artıq dünya ictimaiyyətinin də dəstəyini alıb: “Bu gün Avropa İttifaqı və ABŞ sülh sazişinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Biz buna asanlıqla nail olmamışıq. Ölkə başçısının ərazi bütövlüyümüz məsələsində güzəştsiz mövqeyi, ordunun hər an yenidən müharibəyə hazır olması dünyanı buna razı saldı. Ancaq bununla belə Azərbaycanı sevməyən bəzi dövlətlər separatçı rejimi öz təsirləri altında saxlaya bilir. Brüssel görüşü ərəfəsində Xankəndinəki məlum mitinq də prosesi pozmağa yönəlik addım idi.”
Naqif Həmzəyevin sözlərinə görə, Azərbaycan ordusu təxibatlara anında cavab versə də hazırda təmkinli mövqe sərgiləyir: “Bu gün Xankəndinəki erməni əhalisi də yaxşı bilir ki, Azərbaycan dövlətinin onlara göstərdiyi münasibət kifayyət qədər humanizm prinsiplərinə söykənir. Həmin ermənilər dərk etməlidirlər ki, Azərbaycan Xocalıda soyrqım törədən Ermənistan deyil. Ermənistan rəhbərliyi bu təxribatlarla istəyir ki, onların Xocalıda etdiyini Azərbaycan əsgəri Xankəndində etsin. Təxribatlar, proseslər bunu düşünməyə əsas verir. Amma bizim mülki əhali ilə işimiz yoxdur. Biz qələbədən sonra da özümüzü ləyaqətlə aparırıq. Ona görə də onlar gələcəyə baxmalı, Azərbaycan vətəndaşı kimi yaşamağı seçməlidirlər”.
Şəbnəm Rəhimova
Gununsesi.info