“İstənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər” - NAQİF HƏMZƏYEV

  • By admin
  • 13 Yanvar 2022 16:45

“Böyük zəfər, Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olub”.

Gununsesi.info xəbər verir ki, bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“44 günlük savaş, ondan sonrakı mərhələdə Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb sualları peşəkar formada cavablandırması ölkə Başçısının yüksək məntiqi, intellektini, diplomatik məharətini, dünyada, regionda və ölkədə baş verən hadisələr barədə tam məlumatlı olduğunu bir daha təsdiq edib. Azərbaycanı informasiya savaşında qalib edən Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına geniş müsahibəsi, jurnalistlərin bir çox məsələlərə dair suallarına cavabları beynəlxalq müstəvidə respublikamızın milli maraqlarının qətiyyətlə təmin olunduğunu nümayiş etdirilib”.

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti müsahibəsi zamanı jurnalistin Ermənistanın zaman-zaman törətdiyi təxribatlar, baş verən ciddi toqquşmaların bir daha baş verməməsi üçün Azərbaycanın hansı rıçaqlardan istifadə edəcəyi və delimitasiya, demarkasiya ilə bağlı bu il hansı tədbirlərin görüləcəyinə də aydınlıq gətirib.

“Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki, biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər”, – deyə Prezident İlham Əliyev qəti fikrini bildirib”.

“Dünya səviyyəli siyasətçi kimi dəyərləndirilən Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti istər müharibə dövründə, istərsə də post-konflikt mərhələsində Ermənistan və erməni lobbisinin çoxillik səylərini darmadağın edib” – deputat əlavə edib:

“Azərbaycanı istəməyən xarici qüvvələrin qərəzli mövqeləri qarşısında geri çəkilməyən və onları öz məntiqi ilə tərk-silah edən Prezident Əliyev yeni informasiya strategiyası və informasiya sahəsində yeni və fərqli bir model nümayiş etdirir. Təsadüfi deyil ki, ölkə Başçımız müsabələrində bölgə siyasətinin taleyini həll edəcək ciddi mesajlar verir, 21-ci əsrin tələblərinə uyğun yeni doktrina ortaya qoyur.

Prezident müsabəsində sərhəddə törədilmiş təxribatlara da toxunub, “Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək”.

N.Həmzəyev bildirib ki, Azərbaycanın inkişafı, ordu quruculuğu, qoşunların modern döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyəti bundan sonra da davam etdiriləcək.

“Ermənistanda güclü revanşist əhvali-ruhiyyəsinin hökm sürdüyünü nəzərə alsaq ordumuzun döyüş imkanlarının artırılması daim diqqət mərkəzində olacaq. Ölkə Prezidentinin dediyi kimi “Bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq”.

 

Gununsesi.info