İstanbulda Fransanın müstəmləkəçilik siyasətinin müzakirə olunduğu tədbirdə Makrona açıq məktub ünvanlanıb

  • By ilhame
  • 24 Fevral 2024 19:05

İstanbulda Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: İntibahın oyanışı” (“Decolonization: Awakening of the Renaissance”) adlı beynəlxalq konfrans keçirilib.

Gununsesi.info xəbər verir ki, beynəlxalq konfransda 13 ölkə və 4 beynəlxalq təşkilatdan 50-dən artıq nümayəndə iştirak edib. Bunlar arasında Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilər – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa, Wallis və Futuna, Korsika, eləcə də Qəmər Adaları İttifaqı (Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır) xüsusi üstünlük təşkil edir.

Konfransda Fransız Qvianası Assambleyasının (Parlament) vitse-prezidenti Samantha Françoise Cyriaque, Yeni Kaledoniyanın xarici işlər, mədəniyyət, gənclər və idman naziri Mickael Forrest, BMT-nin idarəçilik üzrə eksperti, Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Corbin, Martinik Assambleyasının deputatı Luc Francis Carole, Fransız Polineziyası Parlamentində Avropa və xarici işlər Komissiyasının sədri Maurea Maamaatuaiahutapu, Korsika Parlamentinin sabiq prezidenti Jean-Guy Talamoni, Avropa Parlamentinin sabiq üzvü, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jean-Jacob Bicep, Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun tədqiqatçısı (SETA) Tunç Demirtaş və başqaları çıxış ediblər. Tədbir müzakirələr formatında davam etdirilib.

Tədbirin sonunda iştirakçılar Fransa Prezidentinə açıq məktub ünvanlayıblar. Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çox müddətdə qəbul edilməsinə baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupunda yaşayan xalqların bu gün də fransız kolonializm və neokolonializmdən əziyyət çəkdiyi vurğulanır.

Məktubda sözügedən adalar qrupunda Fransa hökuməti tərəfindən törədilən müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa dövləti tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən mane törədilməsi, yerli əhalilərin pestisidlərlə zəhərləndirilməsi və əhalinin bu zəhərlənmənin fəsadlarından əziyyət çəkməsi, yerli əhalinin məcburən emmiqrasiyaya sövq edilməsi, bu ərazilərə qanunsuz köçürülmənin bu gün də davam etməsi, ərazilərdə kolonial məhkəmə sistemlərinin tətbiq edilməsi və s. faktlar öz əksini tapıb.

Tədbir iştirakçıları E.Makrondan Fransız hökumətinin bu qanunsuzluqlarını dayandırmasını tələb edib, ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün YUNESKO missiyasının həmin ərazilərə göndərilməsinin əhəmiyyətini vurğulayıb, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalinin hüquqlarına dair vəziyyətinin öyrənilməsi missiyasının koloniyalara göndərilməsi üçün ATƏT-ə müraciət edilməsinə çağırış olunub.

Eyni zamanda tədbirin sonunda elan edilib ki, Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq materik Fransaya daşınan 100 mindən artıq maddi və mədəni sərvətlərin geri qaytarılması üçün petisiyaya start verilib. Bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək.

Xatırladaq ki, bu artıq Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi 7-ci beynəlxalq konfransdır.

6 iyul 2023-cü il “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru”, Bakı

22 sentyabr 2023-cü il “Müstəmləkəçiliyə son qoyulması: Sakit inqilab”, Nyu York, BMTnin qərargahı

20 oktyabr 2023-cü il, “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik”, Bakı

21 noyabr 2023-cü il, “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı”, Bakı

14 dekabr 2023-cü il, “Neokolonializm: İnsan Hüquqları, Sülh və Təhlükəsizlik”, Cenevrə, BMT-nin qərargahı

22 dekabr 2023-cü il, “Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər”, Bakı.

Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında yaşayan xalqlarla həmrəyliyini ifadə edir və onların azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə hər zaman dəstək verəcəyini bəyan edir.

Gununsesi.info