18 sentyabr Azərbaycan musiqi mədəniyyətində xüsusi gün kimi qeyd olunur.
Bu tarix dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günüdür.
Həmin gün ölkənin müxtəlif bölgələrində konsertlər və tədbirlər təşkil olunur.
Müslüm Maqamayev adına 26 saylı məktəbin nəzəriyyə müəllimi Mehtiyeva Lalə Gununsesi.info -ya öz təəssüratlarını belə bölüşüb:

“Hər il olduğu kimi, bu il də 18 sentyabr tarixində Milli Musiqi Günümüzü qeyd edirik. Bu bayramımız üçün əlbəttə ki, böyük bəstəkar, pedaqoq, dirijor və publisist Üzeyir bəyə borcluyuq.
Milli ruhun tələb olunduğu hər sahədə milli kök istinad nöqtəsi rolunu oynayır. Azərbaycan professional musiqisinin banisi kimi Üzeyir bəy milli musiqimizin dünya miqyasında tanınması üçün fədakarlığını, musiqi elminin inkişafı üçün zəngin təfəkkürünü, xalqının gələcəyi üçün böyük ürəyini sərf etmişdir. Musiqimizin inkişafına vurulan zərbələrə o, iti qələmi və zəka gücü ilə sinə gələrək qarşı çıxmışdır.
Bu yol çətin yol idi. Lakin Şərqdə ilk opera olan *“Leyli və Məcnun”*dan başlayaraq *“Koroğlu”*ya qədər uzanan yaradıcılıq məktəbi məhz Üzeyir bəyin qurduğu zəmin üzərində formalaşdı. Onun işıqlandırdığı yolu bu məktəbin görkəmli nümayəndələri ləyaqətlə davam etdirdilər. Tədris və mədəniyyət ocaqlarının, musiqi kollektivlərinin, Şərq musiqi mədəniyyətinin inkişafına yönəlmiş fundamental əsərlərin yaranması Üzeyir bəyin adı ilə bağlıdır”.

Lalə müəllimə deyib ki, istedadlı musiqiçilərin yetişməsində musiqi məktəbləri mühüm rolu var:
“Bu gün də respublikamızın bütün bölgələrində musiqinin tədrisi zamanın nəbzinə çevrilib. Müslüm Maqomayev adına 26 saylı 11 illik musiqi məktəbi də musiqi mədəniyyətimizin inkişafına öz töhfəsini verir və verməkdə davam edir.
Milli Musiqi Gününü məktəbimiz xüsusi qeyd edir. 17 sentyabrda İçərişəhərdə keçirilən tədbirdə müəllim və şagird heyətindən ibarət nümayəndə heyətimiz məktəbimizi layiqincə təmsil etmişdir. Ümumiyyətlə, məktəbin şagird və müəllim kollektivi ölkəmizin, eləcə də xarici ölkələrin musiqi həyatında fəal iştirak edir.
Fəxr edirik ki, Üzeyir bəyin işıqlandırdığı yolda biz də öz töhfəmizi veririk. Arzumuz budur ki, mədəniyyətimizi daim inkişaf etdirərək istedadlarımız Azərbaycanı layiqincə təmsil etsinlər”.
Firuzə Mahmudova












