İstehlak kreditləri üzrə həyat sığortası lazımdırmı?

Günün iqtisadi mövsuzu istehlak kreditləri üzrə həyat sığortasına ehtiyacın olmasıdır (bir neçə media mənə bu məsələ ilə bağlı bu gün müraciət edib).

Dəfələrlə mənə vətəndaşlar və mətbuat bu sualı verib: məgər borclunun sığortası yoxdur ki, borcu vərəsələrdən tələb edirlər? Yoxdur! Yalnız ipoteka kreditləri üzrə var. Digər istehlak kreditləri üzrə isə yoxdur. Vəfat etmiş şəxsin borcunu vərəsələri ödəməlidirmi? Bəli, onlara çatmış miras həddində.

İlk baxışdan problem yoxdur: vərəsəyə əmlak çatıbsa, onu da borcla əvəzləşdirə bilər və üzərinə artıq yük düşmür. Amma məəslə o qədər sadə deyil. Məsələn, ölən şəxsin adına ev varsa və ailəsi də orada yaşayırsa, elə ev də miras əmlakı təşkil edir. Deməli, vərəsələr ya öz hesablarına borcu ödəməlidir, ya da evdən məhrum olacaqlar. Məhz bu cür halların olmaması üçün borclunun həyat sığortasına malik olması zəruridir.

Təbii, bu, kreditin alınması üzrə borclunun xərclərini artıracaq, çünki sığortaçıya da ödəniş edilməlidir. Amma son nəticədə həm borclunu (ailəsini), həm də bankı gələcək risklərdən qoruyacaq.

Eyni zamanda sığortaçılar üçün də əlavə gəlir mənbəyi yaranacaq. Odur ki, kredit təşkialatları və sığortaçılar bu məsələ üzrə istehlakçılara müvafiq məhsulu təklif etməlidir.

Məsələnin qanunvericilikdə təsbiti də olduqca vacibdir.

 

 

Əkrəm Həsənov

Vəkil

Gununsesi.info