İsveç Azərbaycanla Ermənistanı gərginliyi azaltmağa çağırıb

2021-ci ildə ATƏT-in sədri olacaq İsveç Avropada təhlükəsizlik, ilk növbədə isə ATƏT məkanındakı münaqişələrin həllinə xüsusi diqqət göstərəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə adıçəkilən ölkənin xarici işlər nazirinin müavini Robert Ridberq ATƏT-in Daimi Şurasında gələcək sədrliyin başlıca istiqamətlərinə dair söylədiyi nitqdə bildirib.

İsveç rəsmisi Helsinki Yekun Aktında, 1990-cı ilin Paris Xartiyasında təsbit olunmuş birgə öhdəliklərin yerinə yetirilməsi vaxtının yetişdiyini üzv ölkələrin diqqətinə çatdırıb.

ATƏT məkanındakı mövcud münaqişələrdən danışan diplomat onların həlli məsələsinin yeni sədrin gündəliyində ən başlıca məsələ olacağını qeyd edərək həlli uzanmış münaqişələri də sona çatdırmaq üçün göstərilən səylərə hər cür dəstək verəcəklərini dilə gətirib.

Azərbaycan-Ermənistan sərhədində zorakılığın artmasından, insanların həlak olmasından dərin narahatlığını bildirən nazir müavini bildirib: “Biz gərginliyin səngiməsi istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin, ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisinin fəaliyyətini dəstəkləyirik”.

Gununsesi.org