İsveç hökuməti miqrantları vətənlərinə köçməyə həvəsləndirmək üçün maliyyə dəstəyini 35 dəfə artırmaq niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə hökumət aparatının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, büdcə layihəsində hökumət miqrasiya siyasətinə 2025-ci ildə 513 milyon kron (49,63 milyon ABŞ dolları), 2026-cı ildə 2 milyon 559 milyon kron (247,55 milyon ABŞ dolları), 2027-ci ildə isə 1 357 milyon kron (137 milyon ABŞ dolları) ayıracaq.
Hökumət qaçqınların qəbulu və geri qaytarılmasının, qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin daha səmərəli aparılmasını təklif edir. Bəyanatda o da vurğulanır ki, vəsait həmçinin dələduzluq, sui-istifadə, “kölgə cəmiyyəti” ilə mübarizə, əcnəbilər üzərində daxili nəzarətin genişləndirilməsi və miqrasiya məhkəmələrinin büdcələrinin artırılması üçün istifadə olunacaq.
Qeyd edək ki, öz ölkələrinə qayıtmaq istəyənlər üçün maliyyə dəstəyi İsveçdə 1984-cü ildən mövcuddur. Hazırda o, adambaşına 10 min kron (935 ABŞ dolları), ailə başına isə maksimum 40 min kron (3,7 min ABŞ dolları) təşkil edir. Səlahiyyətlilərin məlumatına görə, 2026-cı ilə qədər adambaşına düşən dəstəyin 350 min krona (təxminən 34 min ABŞ dolları) qədər çatdırılması təklif edilir.
Gununsesi.info