İsveç Orbanın təklifini rədd etdi

  • By admin
  • 24 Yanvar 2024 08:51

İsveç Macarıstanın baş naziri Viktor Orbanın NATO-ya üzvlüklə bağlı danışıqlar tələbini rədd edib.

Gununsesi.info-nun xəbərinə görə, İsveç xarici işlər naziri Tobias Billström Macarıstanın baş naziri Viktor Orbanın NATO-ya üzvlüklə bağlı görüş tələbi ilə bağlı açıqlama verib.

“Mən indiki məqamda danışıqlar aparmaq üçün heç bir səbəb görmürəm. Ümid etdiyimiz şey, əlbəttə ki, Macarıstanın üzvlüyü mümkün qədər tez ratifikasiya etməsidir”, – Billström deyib.

İddiaya görə, Orbanın İsveçin baş naziri Ulf Kristerssona göndərdiyi məktubda onu NATO-ya üzvlüyü müzakirə etməyə dəvət edərək, İsveç və Macarıstan arasında güclü qarşılıqlı etimadın olması lazım olduğunu vurğulayıb.

İsveç mətbuatının yazdığına görə, Kristersson ikitərəfli əlaqələr, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq və Macarıstanın bu ilin ikinci yarısında üzərinə götürəcəyi Avropa İttifaqına (Aİ) sədrliyi də daxil olmaqla, ortaq maraq doğuran müxtəlif məsələləri müzakirə etmək üçün Orban tərəfindən Macarıstana dəvət edilib.

Sözügedən məktubla Orbanın X sosial media hesabındakı paylaşımı arasında ton fərqinə diqqət çəkən Billström, “Bilməlisiniz ki, məktubda yazılanlar bir şeydir və paylaşılanlar bir şeydir”, deyib.

“Mən Baş nazir Ulf Kristerssona İsveçin NATO-da iştirakı ilə bağlı danışıqlar aparmaq üçün bu gün Macarıstana səfər etmək üçün dəvət məktubu göndərdim”, – Orban sosial media paylaşımında qeyd edib.

İsveçin NATO-ya üzvlüyünün 2023-cü ilin payızında Macarıstan parlamentində müzakirə olunacağı gözlənilirdi, lakin bəzi isveçli deputatların Budapeşt administrasiyası ilə bağlı açıqlamaları tərəflər arasında gərginliyə səbəb olduğundan proses uzanıb.

İsveçin NATO-ya üzv olması üçün Macarıstan parlamentindən icazə alınmalıdır.

Gununsesi.info