İsveçin xarici işlər naziri: Türkiyənin razılığı F-16-lardan asılıdır

  • By admin
  • 29 Noyabr 2023 13:45

İsveçin xarici işlər naziri Tobias Billstrom xarici işlər naziri Hakan Fidan ilə görüşündən əvvəl Brüsseldəki NATO qərargahında çıxış edib.

Gununsesi.info-nun məlumatına görə, XİN rəhbəri Türkiyənin İsveçin NATO üzvlüyünə razılığının F-16 döyüş təyyarələrinin alınmasından asılı olduğunu açıqlayıb.

“Biz bilirik ki, Türkiyənin F-16 döyüş təyyarələri alması ilə İsveçin NATO-ya qoşulması arasında əlaqə var”, – deyə bildirib.

Billström İsveçin NATO üzvlüyü ilə bağlı Brüsseldə jurnalistlərə verdiyi açıqlamada Hakan Fidanla görüşündən danışıb: “Dünən həmkarım, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ikitərəfli görüş keçirdim. O, təsdiqin bir neçə həftə ərzində baş verəcəyini gözlədiyini söylədi”.

Qeyd edək ki, İsveçi terrorçular, xüsusilə də terror təşkilatı PKK üzvləri üçün sığınacaq olmaqda ittiham edən Türkiyə Skandinaviya ölkəsinin NATO-ya üzvlük müraciətinə veto qoyur. Türkiyə ötən ilin iyununda İspaniyanın paytaxtı Madriddə NATO-nun sammitində imzalanmış memorandum çərçivəsində İsveçdən terrorun bütün forma və təzahürləri ilə effektiv mübarizə aparacağını gözləyir.

Gununsesi.info