İsveçrədə gördüyünüz o qəsəbələr artıq Qarabağda, Kəlbəcərdə salınır - FOND DİREKTORU

  • By admin
  • 07 May 2024 12:35

Qarabağın azadlığının 4-cü ilini yaşayırıq. 30 il müddətində ərazisinin 20 faizi işğal altında qalan bölgələrimiz ötən illər ərzində düşmən tərəfindən tam məhv edilib.

Dünən Füzuliyə səfər edən ABŞ səfiri Mark Libbi də bu bölgədə gördüyü dağıntılardan dəhşətini ifadə etmişdi.

Hər şeyə rəğmən Azərbaycan dövləti Qarabağda böyük tikinti-quruculuq  işlərinə başlayıb. Ötən müddət ərzində yeni yaşayış qəsəbələri salınıb. Bütün infrastruktur yaradılan bu qəsəbələr ən müasir üslubda inşa olunur.

Erməni vandalizminin qurbanı olan tarixi abidələrimiz bərpa olunur, 30 il müddətində daşı-daş üstdə qalmayan şəhərlər yenidən qurulur.

 

Son 4 il ərzində Qarabağa davamlı səfər edən ölkə başçısı İlham Əliyev görülən işlər haqqında danışarkən bildirib ki, Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilər həyatı yenidən qaytarır. “Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq” deyən prezident onu da əlavə edib ki, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına  da başlanılıb.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Laçın Rayonundan olan deputat Mahir Abbaszadə Gununsesi.info-ya müsahibəsində Qarabağa qayıdış haqqında danışıb.

44 Günlük Vətən Müharibəsindən sonra işğal olunmuş ərazilərin yenidən bərpasının hökumət üçün əsas prioritet olduğunu vurğulayan Mahir Abbaszadə deyir ki, iqtisadiyyatı güclü olan dövlət olduğumuz bir daha bu prosesdə özünü göstərdi: “Təsəvvür edin ki, müharibənin ağır nəticələri var və biz bunu aradan qaldırmalıyıq. Şəhidlərimiz, minlərlə qazilərimiz var. Bugün Azərbaycan dövləti şəhid ailələrinin və qazilərin sosial təminatı üçün ciddi layihələr həyata keçirib. Elə bir şəhid ailəsi yoxdur ki, ona dövlətin diqqəti, qayğısı olmasın. Müharibədə ermənilər həmçinin, mülki əhaliyə də zərər vurmuşdu. Gəncədə, Bərdədə və başqa yerlərdə raket zərbələrinin dağıtdığı evlər, obyektlər yenidən inşa olunur. Paralel olaraq, Qarabağda yeni şəhərlər, qəsəbələr salınır. İqtisadiyyatı zəif olan heç dövlət ərazisinin 20 faizində eyni zamanda yenidənqurma, abadlıq, infrastruktur layihələrini həyata keçirə bilməzdi. Nəzərə alsaq ki, Azərbaycan həm də müharibədən çıxmış ölkə idi. Müharibənin dövlət üçün hansı maddi itkilər olmasını demək də yersizdir”.

Mahir Abbaszadə deyir ki, tikinti bumunun davam etdiyi bir şəraitdə artıq minlərlə insan öz yurduna qayıdıb: “”Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir. İnanıram ki, qısa zaman ərzində bütün məcburi köçkünlərimiz öz doğma yurdlarına gedəcəklər”.

 Mahir Abbaszadə, həmçinin, tikinti proseslərində müasirliyə üstünlük verildiyini desə də amma tarixi abidələrin qorunduğunu deyib: “Elə abidələr var ki, onları dağıdıblar, amma həmin abidələr əvvəlki görkəminə qaytarılır. Kəlbəcərin Zar kəndində qədim alban abidələri var. Orada minə yaxın mənzil tikilir. Həmin kənddə olan tarixi abidələr mühafizə zolağına daxil edilib.  Zar kəndində məktəb, uşaq baxçası idman klubu, hostel və sair ictimai obyektlər  inşa olunacaq. Bu kənd turizm baxımından əlverişli yerdədir. İstusuya yaxın olduğu üçün orada hostel tikintisi nəzərdə tutulub”.

Fond direktoru onu da bildirib ki, salılnan kəndlər ,qəsəbələr Avropanın inkişaf etmiş ölkələrinin proyektlərinə uyğun salınacaq: “İsveçrədə gördüyünüz hər hansı qəsəbəni artıq Qarabağda, Kəlbəcərdə görəcəksiniz”.

Azərbaycanın bu uğurlarını ölkə başçının məqsədyönlü siyasəti ilə əsaslandıran Mahir Abbaszadə bildirir ki, məhz ilham Əliyevin iradəsi ilə bu nailiyyətləri əldə edə bilmişik: “Azərbaycan xalqı da bunu gördü və təsadüfi deyil ki, seçkilərdə prezidentimiz çox böyük üstünlüklə seçkinin qalibi oldu. 90 faizdən artıq səs, xalqın öz rəhbərinə olan sarsılmaz dəstəyinin ifadəsi idi”.

Günay

Gununsesi.info