Xidməti dövründə iş yerini özbaşına tərk edən və bu səbəbdən də daxili işlər orqanlarından xaric edilən, İsveçrədən siyasi sığınacaq istədiyi bildirilən Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Elşən Qarayevlə bağlı yeni xəbər var.
Belə ki, Gununsesi.info-nun elektron ünvanına elik kara <ekspert7575@mail.ru> adlı istifadəçidən məktub daxil olub.
Nəzərinizə çatdıraq ki, məktubun müəllifi özünü Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Elşən Qarayev kimi təqdim edib.
Beləliklə, o, işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunduğunu etiraf etsə də, ölkədən qaçmadığını bildirib. “Mən Azərbaycandan qaçmamışam. İşdə buraxdığım nöqsanlara görə xaric olmağım qanunidir və cənab nazir Ramil Usubovun bu əmrinə hörmətlə yanaşıram”, deyə Elşən Qarayev qeyd edib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən sabiq müstəntiq Elşən Qarayevlə bağlı xəbərə münasibət bildirərkən deyilib ki, o, xidməti dövründə üzərinə düşən vəzifəyə məsuliyyətsiz yanaşaraq, qəbahətlərə və prosessual pozuntulara yol verib. Qeyd olunur ki, onun barəsində dəfələrlə görülən intizam tədbirlərindən nəticə çıxarmadığına görə haqqında araşdırma aparılıb və daxili işlər nazirinin müvafiq əmriylə bir neçə gün bundan əvvəl xidmətdən azad edilib.
Onu da əlavə edək ki, mətbuatda gedən məlumatda Elşən Qarayevin İsveçrəyə yollandığı və bu ölkədən siyasi sığınacaq istədiyi bildirilir.
Gununsesi.info