İsveçrəli professorlar Bakıda mühazirə oxuyacaq

  • By admin
  • 16 Yanvar 2023 09:10

İsveçrənin və dünyanın ən nüfuzlu təhsil ocaqlarından Bern və Lozanna universitetlərinin professorları Vulf Linder və Şon Müller Bakıya gələcək.

Gununsesi.info-nun xəbərinə görə, Kitabıstanın dəvəti ilə Azərbaycana gələn professorlar yanvar ayının 28-də saat 17:30-da iki professor birlikdə “Landmark” hotelin “Gaia” zalında “İsveçrə təhsili və İsveçrə neytrallığı” mövzusunda çıxış edəcəklər.

Kitabıstandan verilən məlumata görə, professorların Bakıya dəvət olunmasında əsas məqsəd İsveçrənin inkişafında təhsilin rolunu bu sistemi tədqiq edən və onun içində olan şəxslərdən dinləmək və onların təcrübələrindən faydalanmaqdır: “İsveçrənin bahalı, xüsusi saatları, özünəməxsus bank sistemi olduğu kimi, özünəməxsus təhsil sistemi, birbaşa demokratiyası, özünəməxsus federalizmi də var. İsveçrəni bahalı saatı, zənginliyindən yox, elmindən tanımaq istəyənlər üçün bu konfrans əla fürsətdir”.

Xatırladaq ki, “Kitabıstan Talks” layihəsi çərçivəsində Bakıda çıxış edəcək professor Vulf Linder İsveçrə Milli Elmlər Fondunun və İsveçrə Elmlər Şurasının üzvü, siyasi elmlər üzrə professordur. O, 1987-2009-cu illərdə Bern Universitetinin Siyasi Elmlər İnstitutunun dekanı vəzifəsində çalışıb. Professor V.Linder bir çox inkişaf etməkdə olan ölkələrdəki beynəlxalq layihələrdə siyasi ekspert kimi fəaliyyət göstərib. Professor Şon Müller isə İngiltərənin Kent Universitetindən siyasi elmlər üzrə fəlsəfə doktorluğu dərəcəsi alıb, hazırda İsveçrədə Bern və Lozanna universitetlərində siyasi elmlər üzrə dərs deyir. O, həmçinin Lozanna Universitetinin “Eccellenza” layihəsinin rəhbəridir. O, İsveçrədə “Federal siyasət mədəniyyəti” layihəsinin rəhbəri olaraq federal dövlətlərdə siyasətin mədəniyyətə təsirini tədqiq edir. Şon Müller federalizm, birbaşa demokratiya üzrə ekspertdir.

Professorların çıxışı sinxron tərcümə ediləcək.
Konfransda birbaşa sizi maraqlandıran sualları vermək imkanınız olacaq.

Bilet almaq istəyənlər 070 537 21 84 nömrəsi ilə əlaqə saxlasın.

Gununsesi.info