İtaliya Baş naziri: “İndoneziya hakimiyyəti Putinin G20 sammitində şəxsi iştirakını istisna edib”

  • By admin
  • 28 İyun 2022 22:31

İndoneziya hakimiyyəti noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinin şəxsi iştirakını istisna edib.

Bu barədə İtaliyanın Baş naziri Mario Draqi açıqlama verib.

“Prezident Putinin G20-də iştirakına gəlincə, İndoneziya Prezidenti [Coko Vidodo] bunu qəti şəkildə istisna edib, [Rusiya lideri] gəlməyəcək”, – deyə Draqi G7 sammitindən sonra keçirilən mətbuat konfransında qeyd edib.

Eyni zamanda o, Rusiya liderinin videobağlantı vasitəsilə çıxışını da istisna etməyib.

Putin ötən ilin oktyabrında Romada keçirilən G20 sammitində iki sessiyada eyni formatda çıxış etmişdi.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə bazar ertəsi jurnalistlərə deyib ki, Putin İndoneziyanın G20 sammitində iştirak etmək dəvətini qəbul edib, lakin format dəqiqləşdirilməyib. Bununla yanaşı Uşakov Putinin sammitdə şəxsən, yoxsa videobağlantı vasitəsilə iştirak edəcəyi ilə bağlı suala dəqiq cavab verməkdə çətinlik çəkib.

Gununsesi.info