İtaliyada fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı

  • By admin
  • 29 İyul 2020 19:20

İtaliya parlamentinin hər iki palatası baş nazir Cuzeppe Kontenin tələbi əsasında fövqəladə vəziyyət rejiminin müddətini 15 oktyabr tarixinə uzatmaq qərarını təsdiqləyib.

Gununsesi.info yerli KİV-ə istinadən xəbər verir ki, ilkin olaraq dünən hökumət Senatda fövqəladə vəziyyəti oktyabr ayının 31-dək uzatmaq təşəbbüsünü irəli sürsə də, müxalifətdəki Demokrat Partiyası və “İtalia Viva” (İtaliyaya eşq olsun) partiyası fövqəladə vəziyyəti sentyabrın 30-dək uzatmağı israr ediblər.

Son nəticədə güzəştlər əsasında verilən qərar Senatda 125 səsə qarşı 157 səslə təsdiqlənib. Bu gün isə Deputatlar Palatası da qərarı 221 səsə qarşı 286 səslə təsdiq edib.

Daha əvvəl belə bir addımın labüd olduğunu qeyd edən baş nazir C.Konte Senatdan icazə istəsə də, əslində fövqəladə vəziyyəti uzatmaq üçün parlamentin dəstəyinə heç ehtiyacı olmadığını da bildirmişdi. Fövqəladə vəziyyətdə hökumət başçısı əldə etdiyi xüsusi səlahiyyətlərə söykənərək parlamentə üz tutmadan karantin tədbirlərini həyata keçirib. Deputatlar Palatasında nitq söyləyən C.Konte fövqəladə vəziyyətin uzadılması ilə yaz aylarında tətbiq edilmiş sərt karantin tədbirlərinin də təkrar olunmayacağını vurğulayıb.

Son vaxtlar ölkədə yeni yoluxma hallarının azalmasını nəzərə alaraq sağçı partiyalar baş nazirdən parlamenti də bu məsələyə cəlb etməsini istədilər.

Qeyd edək ki, indiyədək koronavirusa 246 488 nəfərin yoluxduğu, bunlardan 35 123 nəfərin də öldüyü İtaliyada fövqəladə vəziyyət rejimi yanvar ayının 31-də tətbiq edilmiş və ilkin olaraq 31 iyul tarixinədək nəzərdə tutulmuşdu.

 

 

Gununsesi.info