İtaliyanın XİN rəhbərindən müharibə açıqlaması: NATO qoşunlarının Ukraynaya göndərilməsi…

  • By admin
  • 16 Mart 2024 09:16

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani bildirib ki, NATO qoşunları Ukraynaya daxil olmamalıdır.

Gununsesi.info xəbər verir ki, onun fikrincə, Rusiya ilə müharibəyə başlamaq Üçüncü Dünya Müharibəsi riski deməkdir.

Verona şəhərində qatıldığı tədbirdə sualları cavablandıran Tayani deyib: “Məncə, NATO Ukraynada olmamalıdır. Ümid edirəm ki, bu baş verməz”.

Rusiya ilə müharibə etmədiklərini vurğulayan nazir əlavə edib: “Biz beynəlxalq hüququ və Ukraynanın azadlığını müdafiə edirik, lakin Rusiya ilə müharibə aparmırıq. Biz Kiyevi hər cür hərbi, iqtisadi və texniki vasitələrlə təmin edirik, lakin müharibəyə girmək mənə səhv görünür və bütün italyanlar bunu istəmir”.

İtaliya qoşunlarının Ukraynaya göndərilməsindən söhbət getmədiyini təsdiqləyən XİN rəhbəri qeyd edib ki, İtaliya ordusu Qırmızı dəniz, Livan, İraq və Afrikada ticarət gəmilərinin qorunmasında yaxşı iş görüb və sülhün daşıyıcısıdır.

Tayaniyə martın 9-da İsveçrə Radioteleviziyasına (RSI) Ukrayna ilə bağlı verdiyi müsahibədə katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransiskin sözləri xatırladılıb: “İnanıram ki, daha güclü olan odur. Vəziyyəti görən, xalqını düşünən, ağ bayraq qaldırıb danışıq aparmağa cəsarəti çatan” deyə cavab verib.

“Papanın sözləri təhrif edilib və əslində istədiyi şey sülhdür və buna nail olmaq üçün danışıqlar masası arxasında görüşməyə çağırır”, – Tayani bildirib.

Gununsesi.info