İtalyan senator ermənilərin Gəncəyə hücumunu pisləyib

  • By admin
  • 12 Oktyabr 2020 19:11

İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü, senator Stefano Luçidi Ermənistan hərbi qüvvələrinin atəşkəs rejimini pozaraq Gəncə şəhərini və oradakı mülki əhalini raket hücumuna məruz qoymasını pisləyib.

Gununsesi.info-nun məlumatına görə, italyan senator bildirib ki, Azərbaycan və Ermənistan Moskvada Rusiya tərəfindən təşkil olan üçtərəfli görüşdə 10 oktyabr saat 12:00-dan etibarən atəşkəslə bağlı razılaşmış və həmin görüşdə tərəflər eyni zamanda ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin sülh yollu ilə həlli üçün danışıqların bərpa edilməsi ilə bağlı qərar veriblər.

Ermənistan tərəfindən atəşkəsin pozulması və Azərbaycan şəhərlərinə qarşı kaset bombalardan hücumlar edilməsi ilə bağlı xəbərlərin daxil olduğunu bildirən senator Luçidi qeyd edib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-i gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan və təmas xəttindən uzaqda yerləşən Gəncə şəhərinə raket hücumları edib, nəticədə 10 nəfər mülki şəxs həlak olub və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb.

Senator İtaliya hökumətinin Moskvada əldə olunan atəşkəsin pozulmasını qəti şəkildə pisləməli olduğunu deyib, bu bölgədə sabitliyin təmin olmasının istər əhalinin təhlükəsizliyi, istərsə də İtaliyanın maraqları baxımdan çox vacib olduğunu vurğulayıb.

 

 

Gununsesi.info