«N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar həlak olmuş və itkin düşmüş neftçilərin ailə üzvləri tərəfindən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına müraciətlər daxil olur və bu müraciətlər əsasında Təşkilat hüquqşünası tərəfindən onlara hüquqi yardımlar olunur».
Gununsesi.info xəbər verir ki, bu haqda Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı SOCAR prezidenti Rövnəq Abdullayevə məktubunda bildirib.
Təşkilat tərəfindən SOCAR prezidentinə ünvanlanan məktubda faciədən sonra ötən müddət ərzində onlara daxil olan müraciətləri araşdıraraq, aşağıda göstərilən qənaətə gəliklərini qeyd edirlər:
-Neftçilərin ailə üzvlərinə yalnız 1000 manat pul təklif edilib və ya verilib. Bu puldan imtina edən ailə üzvləri də olub.
-Ailə üzvləri ilə cavabdeh müəssisə arasında əlaqələr zəifdir, hər hansı bir məlumat almaqda çətinliklər çəkirlər.
-Bu günə qədər ailə üzvlərinə N. Nərimanov adına NQÇİ, Azneft İB, SOCAR və başqa müvafiq Dövlət orqanları tərəfindən heç bir maddi( SOCAR tərəfindən təklif olunan 1000 manatdan başqa) və mənəvi yardım göstərilməyib.
NHMT eyni zamanda vurğulayır ki, yuxarıda qeyd olunanları və mövcud çətin iqtisadi durumu nəzərə alaraq ölmüş elan edilmə barədə qərar qüvvəyə minənədək itkin düşmüş neftçilərin:
– Orta aylıq əmək haqqı saxlanılmalı.
-Ailə üzvlərindən birinin işlə təmin olunması tezləşdirilməli
-SOCAR və Dövlət orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulan ödənişlərdən əlavə maddi və mənəvi yardımlar edilməli.
-Sığorta və digər sənədlərin hazırlanması ilə əlaqədar ailə üzvlərinə kömək edilməli, aylıq və birdəfəlik sığorta pullarının hesablanması və sənədləşmə işləri tezləşdirilməli
– Həlak olmuş işçinin Əmək müqaviləsinə xitam verildikdə, vəfat edənin vərəsələrinə onun orta aylıq əmək haqqının azı 5 misli miqdarında müavinət ödənilməlidir.
Vüsalə Rüstəmova
Gununsesi.info