İctimai Televiziya və Radio Yayımları Şirkətinin bölgə müxbiri Şöhrət Eyvazov Bərdə rayonunda pandemiya ilə bağlı süjet edən zaman hücuma məruz qalıb.
Gununsesi.org-un xəbərinə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətindən Modern.az-a bildirilib ki, jurnalist rayondakı apteklərin birində maskalarla bağlı vəziyyəti araşdırmaq üçün çəkiliş aparmaq istəyib. Bunun üçün aptekə daxil olan Ş.Eyvazova anidən obyekt sahibi hücum edib. Çəkilişi əngəlləməyə cəhd göstərən aptek sahibi tərəfindən Ş.Eyvazova və İctimai Televiziyanın əmlakına ziyan dəyib.
Zərərçəkmiş tərəfindən Bərdə rayon Polis İdarəsinə ərizə ilə müraciət edilib. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, uzun illərdir İctimai Televiziya ilə cəbhə bölgəsi üzrə əməkdaşlıq edən Şöhrət Eyvazov Qarabağ müharibəsi veteranı və ehtiyatda olan zabitdir.
Gununsesi.org