Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə həyata keçirdiyi “İxraca hazır ol” layihəsi başa çatıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, layihə çərçivəsində kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan 20-ə yaxın iş adamı ixrac prosedurları barədə praktik və nəzəri baxımdan məlumatlandırılıb, onların bu sahədəki bilikləri genişləndirilib. Bundan başqa, AZPROMO və GİZ tərəfindən ixraca dair bir sıra beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə təlimlər və forum keçirilib, Almaniyaya bir həftəlik təlim səfəri təşkil olunub və ixracatçılar üçün bələdçi kitabçası nəşr edilib.
Layihənin yekunlarına dair martın 27-də Bakı Biznes Mərkəzində keçirilmiş tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov son illər ölkəmizdə ixracın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə aparılan islahatlar barədə məlumat verib, ixracatçıları yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.
GİZ-in ölkə üzrə rəhbəri Sonia Fontainen və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndəsi Theresa Schoenfeld belə layihələrin önəmindən danışıb, iş adamlarını yeni layihələrdə daha aktiv iştiraka çağırıb.
Tədbirdə AZPROMO və GİZ nümayəndələri tərəfindən “İxraca hazır ol” layihəsi barədə təqdimat keçirilib, layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “İxraca hazır ol” layihəsi GİZ-in “Cənubi Qafqazda özəl sektorun inkişafı” Proqramı çərçivəsində 2015-ci ildən etibarən kiçik və orta sahibkarlar üçün həyata keçirilir. Layihənin icrasında nəzəri maarifləndirmə, mübadilə və nəşrlər kimi 3 əsas komponentdən istifadə olunub.
Anar
Gununsesi.info