İyulun 1-dən kistoz fibroz xəstəliyi əlillik meyarı kimi müəyyən ediləcək - Sahil Babayev

  • By admin
  • 13 Mart 2022 11:51

“Əlillik meyarları ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsi aparılıb və həmin proses davam edəcək. İndiyədək əlillik meyarlarında kistoz fibrozun adı yox idi. İyulun 1-dən qüvvəyə minəcək əlillik meyarları və onların verilməsi qaydasının Avropa İttifaqının direktivlərinə, ən yaxşı beynəlxalq təcrübəyə uyğunlaşdırılması baxımından böyük normativ hüquqi paket hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatı həmin sənədi tam şəkildə araşdırıb, müsbət rəy bildirib. İki ilə yaxın müddət ərzində bütün dövlət qurumları bu sahədə iş apardı. İyulun 1-dən kistoz fibroz xəstəliyi bir meyar kimi müəyyən ediləcək və bu, uşaqların əlilliyinin əldə edilməsi prosesini sürətləndirəcək”.

Gununsesi.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kistoz fibroz gününə həsr olunmuş dəyirmi masada deyib.

Nazir bildirib ki, on dörd uşağın kistoz fibrozla bağlı təyinatı aparılıb: “Proses davam edir və onu sürətli şəkildə yekunlaşdırmaq vacibdir, çünki sağlamlıq imkanları məhdud uşaqları olan ailəyə həmin meyar üzrə təyinat aparıldıqdan sonra maliyyə dəstəyi olaraq 200 manat müavinət, təqaüd olaraq isə əlavə 200 manata yaxın vəsait təyin olunur. Bu, həmin uşaqların müəyyən xərclərini qarşılamağa imkan verəcək”.

Gununsesi.info