“Mehrab Group” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, “Faktura.az” şirkətinin rəhbəri və özünü “LAMİH” İctimai Birliyi sədri kimi təqdim edən İzmir Mehrabov cinayət əməli törədib.
Gununsesi.info xəbər verir ki, İzmir Mehrabov mətbuata hökumətin vergi, gənclər siyasəti və bir sıra istiqamətlərdə atdığı addımlar barədə müsbət şərhlər verməsi ilə yadda qalıb.
İzmir Mehrabov vəzifəli şəxs olmaqla tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törədib. Özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə hüquqi şəxslərin qanuni mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
İzmir Mehrabov “Gloria Palace” MTK və “S.S.S.-TTAS” MMC-nin rəhbərliyi ilə müqavilə bağlayıb ki, icazə tələb olunan bina və qurğuların “tikinti-quraşdırma işləri” üçün lazım olan lisenziyanı təşkil edəcək.
Bunun üçün “Gloria Palace” MTK-nın rəhbərindən 9 min manat, “S.S.S.-TTAS” MMC-nin rəhbərindən isə 8 min manat pul alıb. Bundan sonra hər iki tikinti şirkətində istifadə olunacaq avadanlıq üçün lisenziya almalı olan İzmir Mehrabov işin asan yolunu taparaq lisenziyaları özü printerdən çıxarıb.
Saxta lisenziyanı “Lisenziyalar və icazələr” portalı vasitəsi ilə İqtisadiyyat Nazirliyinə müraciət edib və tamah niyyətilə vəzifə saxtakarlığı törədib.
İzmir Mehrabov əməlindən peşman olduğunu deyib və zərərçəkmişlərə zərəri ödədiyini deyib. O, bu işi tək gördüyünü başqa şəxslərdən kömək almadığını da söyləyib.
Onun bu əməlləri barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılıb. İstintaq dövründə onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Məhkəmə onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Beləliklə İ.Mehrabov 2 il 9 ay müddətinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməyəcək, elektron nəzarət vasitəsi gəzdirməli olacaq.
Gununsesi.info