İzmirdə TEKNOFEST-in bu ilin sonuncu mərhələsi başlayır

  • By admin-2
  • 27 Sentyabr 2023 11:52

Sentyabrın 27-də Türkiyənin İzmir şəhərində dünyanın ən böyük aviasiya, astronavtika və texnologiya festivalı TEKNOFEST-in üçüncü və sonuncu mərhələsi başlayır. 

Gununsesi.info xəbər verir ki, Türkiyədə ilk və yeganə festival Türk Texnologiya Komandası Vəqfi (T3) və Türkiyə Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil olunub.

Sigley hava limanında “Sən Gələcəksən” mövzusu altında keçiriləcək festivalda müxtəlif tədbirlər keçiriləcək. Festivalda texnologiya və sahibkarlıq yarışları, hava şouları, elmi şoular, kəşf oyunları, simulyasiya zonaları, maarifləndirici seminarlar, sərgilər, səhnə şoular və konsertlər nümayiş olunacaq.

Tədbir çərçivəsində istedadına güvənən hər kəs TEKNOFEST səhnəsində qrup şəklində və ya fərdi şəkildə həm mahnılarını oxuya, həm də alətlərində ifa edə bilər.

TEKNOFEST İzmir səhnəsində gündə iki dəfə günortadan əvvəl və günortadan sonra keçiriləcək “Səhnə Sənindir” tədbiri sayəsində musiqisevərlər iştirakçılara və ziyarətçilərə xoş anlar yaşadaraq, öz istedadlarını nümayiş etdirə biləcəklər.

Festivalın həyəcanını bölüşmək istəyən ziyarətçilər TEKNOFEST saytında və mobil proqramda qeydiyyatdan keçə bilərlər.

Festivala gələnlərə ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur.

Festival oktyabrın 1-dək davam edəcək.

TEKNOFEST festivalının birinci mərhələsi aprelin 27-dən mayın 1-dək İstanbulda, ikinci mərhələsi isə avqustun 30-dan sentyabrın 3-dək Ankarada baş tutub. Tədbir Türkiyənin 3 böyük şəhərində cümhuriyyətin 100 illiyi münasibətilə təşkil olunub.

İstanbul festivalı 2,5 milyondan çox ziyarətçi ilə “dünyanın ən böyük təşkilatı” kimi tarixə düşdü. Ankaranın Etimesgut hava limanının ərazisində keçirilən festivala 943 min insan qatılıb.

Səid Əhmədli
Gununsesi.info