Müğənni İzzət Bağırov 2017-ci ilin avqustunda “Neolit” restoranında onunla məclis iştirakçılarından biri arasındakı mübahisədən sonra başlayan dava, nəticədə məclis sahibinin xəstəxanalıq olması, üç nəfərin həbsi ilə əlaqədar bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O deyib ki, istintaqa ifadəsini təsdiqləyir. Bəs İ.Bağırov istintaqda dindiriləndə nə deyib?
Gununsesi.info müğənninin həmin ifadəsini əldə edib.
“Hiss elədim ki, davadı…”
13 yaşından mahnı oxuduğunu deyən İ.Bağırov 16-17 ildir ki, “Neolit”lə əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə hadisə günü – avqustun 30-da hazırda təqsirləndirilən şəxslər sırasında olan Elçin Cavadzadə onu həmin restorana aparıb. Müğənni deyir ki, özü avtomobil sürə bilmədiyinə görə Elçin onu lazım olan yerlərə aparır, ona aid diskləri daşımaqda köməklik edir. O da qazandığı puldan Elçinə verirdi.
Həmin gün Novruz Aslanlı övladının ali məktəbə qəbul olunması münasibətilə orada məclis təşkil edib. Müğənninin ifadəsinə görə, səhnədə mahnı ifa edəndə onu kamera çəkirmiş. Məclisdəki gənclərdən biri videoçəkənə yaxınlaşaraq deyib ki, “bunu niyə çəkirsən, gəl, bizi çək”. Amma videoçəkən ona əhəmiyyət verməyib, müğənnini lentə almaqda davam edib:
“Təxminən bir dəqiqə sonra həmin cavan oğlan yenidən geri qayıdıb, bir az da kobud, təhqiramiz formada “sənə demədim bunu çəkmə, gəl, bizi çək?” Mən də ona dedim ki, “qardaşım, mən müğənniyəm, əgər istəmirsənsə məni çəksin, gəl, bu oğlanı apar, mənə qarşı tərbiyəsizlik eləmə”. Bundan sonra mikrofonu musiqi aparatının üstünə qoyub, səhnənin arxasındakı musiqiçilər otağına keçdim, qapını da bağladım. Həmin vaxt Elçin bayırda idi. Təxminən bir dəqiqə keçəndən sonra bayırdan kişi və qadın səsləri eşitdim. Hiss elədim ki, davadır. Amma kimin kiminlə dava elədiyini görməmişəm. Təxminən 5-6 dəqiqə sonra bayırda səs-küy sakitləşdi. Elçin otağa daxil olanda gördüm ki, sol gözünün altı göyərib. Elçindən soruşdum ki, nə olub? Elçin dedi ki, onu vurublar. Elçinlə otaqdan çıxdıq, ondan nə baş verdiyini soruşdum? Elçin dedi ki, mən səhnədən gedəndən sonra stolların birində oturan adamlar mən olan otağa gəlmək istəyib. Amma Elçin onları qoymayıb. Nəticədə aralarında mübahisə yaranıb, dava düşüb.
Daha sonra hadisə yerinə Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin işçiləri gəldi. Elçin Cavadzadə və “Neolit”də işləyən Tural adlı şəxs polislərlə birlikdə bölməyə getdi. Mən də bir taksiyəminib, evə qayıtdım”.
Qeyd edək ki, dava zamanı məclisi təşkil edən Novruz Aslanlı, Asif Nəbiyev və Elməddin Nəbiyev xəsarət alıb. Hadisəyə görə üç nəfər həbs olunub – Tural Cahangirov, Elçin Cavadzadə və Rəsul Ələkbərov. CM-nin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham olunan bu şəxslərin işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Tamilla Nəsrullayevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Gülər
Gununsesi.info