Jelko Sopiç: “Ehtiyatda qalmasının səbəbini Təmkin yaxşı bilir”

  • By admin
  • 23 Fevral 2020 21:04

“Sonda qazanılan 1 xala görə məmnunuq. Bəzən istəmədiyin halda dəyişikliklər etməli olursan. Uşaqlar sona qədər döyüşdülər və 1 xal əldə etdik”.

Gununsesiaz.info-nun məlumatına görə, bunu “Sabah” komandasının baş məşqçisi Jelko Sopiç evdə “Səbail”lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib. Xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Cavid İmamverdiyev, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Rəşad Eyubov millinin üzvləridir, ancaq sizdə ehtiyatda qalırlar. Bunun səbəbi nədir?

– Komandamda ən çox hazır olanlar meydana çıxır. Bu gün Təmkinin ehtiyatda olmasının səbəbini özü daha yaxşı bilir.

– Marko Deviç və Ulis Diallo niyə oynamır?

– Marko zədəlidir. Ona görə oynaya bilmir. “Qarabağ”la oyuna kimi hazır olacağına inanıram. Ulisə gəlincə, ondan daha yaxşı oyunçularımız var.

– Ramil Şeydayevin hazırkı durumu necədir?

– Çox yaxşı məşq edir. Amma biz başa düşməliyik ki, onunçün hər şey o qədər də asan deyil. O yalnız fərdi məşq edir. Mən inanıram ki, bizimlə bir müddət sonra zədəsiz şəkildə oynaya biləcək.

– Qırmızı vərəqə olmasa, nəticə lehinizə olacaqdı?

– Bunu dəqiqliklə deyə bilmərik. Bu gün bizim üçün ağır oyun oldu. 75 dəqiqə azlıqda oynamaq çətin idi. Çünki dəli kimi topun arxasınca qaçmalı olurduq. Son 20-25 dəqiqədə yaxşı oynadıq. Bəxt bir qədər yanımızda olsaydı, qol da vura bilərdik.

– Son 3 oyunda 7 xal qazanmısınız. Bunu davam etdirmək çətin olmaz?

– Növbəti tur Azərbaycanın ən yaxşı komandası “Qarabağ”a qarşı oynayacağıq. Bu tendensiyanı davam etdirməyə və xal qazanmağa çalışacağıq.

– Qırmızı vərəqə olmasaydı, Ramil Şeydayevə daha çox şans verməyi düşünmürdünüz, yoxsa bu qədər kifayətdir?

– Bəlkə də, ona yarım saat şans verə bilərdik. Onunla bağlı risk etmək, hazırlıqsız oynayıb zədə almasını istəmirik. İnanıram ki, qısa müddətdə daha hazır olacaq. O məşqlərdə çox çalışır.

– Bu gün komandanı pis vəziyyətdə qoyan Yevgeni Koçuku cəzalandıracaqsınız?

– Onunla bağlı fikirlərimi özünə bildirdim. İctimaiyyətə açıqlamaq istəmirəm. Lazımsız qırmızı vərəqə idi.

 

 

 

Gununsesiaz.info