
“Krasnodardan gəlmiş dostum Nikolayla Azərbaycanda 6 günlük səyahətdən gördüklərim haqqında xoş təəssüratları bölüşdüm. Bu gün isə bu müddət məni üzən bəzi halları diqqətinizə çatdırıram”.
Gununsesi.info-nun məlumatına görə, bunu tanınmış vəkili Aslan İsmayılov öz “Facebook” səhifəsində yazıb.O, yazıb ki, Azərbaycan sərhəddində baş verən biabırçılıqları bildiyimdən birinci dəfə rəhbər işçilərdən dostumun sərhəddi keçməsində köməklik göstərmələrini xahiş edib:
“Buna qədər sərhəddəki biabırçılıqları işıqlandırarkən dəfələrlə “Aslan müəllim, sərhəddə olduqda bizə deyin” təklifindən imtina etmişdim. Rusiya ilə sərhəd keçidinə təxminən 18.00 radələrində gəldim. Az sonra dostum zəng edib Rusiya sərhəddində olduqlarını bildirdi. Təxminən 5-7 dəqiqəyə bizim sərhəddə yaxınlaşdılar. Yarım saatdan sonra zəng etdikdə bildirdilər ki, artıq 30 dəqiqədir onlara gözləyin deyib gediblər. Bundan sonra oradakı gömrük rəisi ilə əlaqə saxladım. Rəis bildirdi ki, narahat olmayın 5 dəqiqəyə çıxarlar. Yarım saat da belə gözlədikdən sonra yenidən dostumla əlaqə saxladım.
Bir nəfərin yaxınlaşıb “gözləyin” komandasını verdiyini bildirdi. Yenidən Bakıdakı rəhbər şəxslə əlaqə saxladım. “Aslan müəllim tapşırılıb, bu dəqiqələrdə buraxarlar” dedi. Rəislə yenidən əlaqə saxladıqda “narahat olmayın, yüklərini yoxlayıb buraxırlar” dedi. Hər dəfə dostum zəng edəndə mənə deyilənləri təkrar edib bildirirdim ki, “narahat olma indi köməklik edəcəklər”. Dostumla birgə qohumlarım da gəlirdilər. 4 nəfər böyüyün 3 nəfər uşağın sərhəddi keçməsi 1 saat 50 dəqiqə çəkdi. İlk görüşdə dostumun dedikləri bu oldu: “Sizin sərhəddi keçmək bir cəhənnəm əzabı oldu. İnsanlarla sanki əşya kimi davranırlar”
. Bu hələ tapşırıqla olanlardır. İndi görün tapşırılmayan vətəndaşlar hansı əzabı çəkirlər. Çətin ki, bu cür sərhəddi keçən turist ikinci dəfə bura gəlmək istəsin. Müqayisə üçün qonşu Gürcüstanda Turizm ili elan edərək ölkəyə gələn xarici qonaqları nəinki incidirlər, əksinə gülərüzlə “Gürcüstana xoş gəldiniz!” deyərək suvenir tipli balaca çaxır şüşəsi ilə qısa zamanda yola salırlar. Turistləri cəlb etməyə bu qədər böyük potensialı olan Bakıda gördüklərim nə üçün Tiflisdən az turist olduğuna aydınlıq gətirdi. Onlardan bir neçəsini, çox sadə şəkildə həyata keçirilə biləcəklərini diqqətinizə çatdırım”.
A.İsmayılovun qeyd etdiyinə görə, bu qızmar yay günündə əksər turistlər Dağüstü Parka gözəl funiklyorla qalxmaq istərdi, amma bu, mümkün deyil, yuxarı qalxan vaqonlarda kondisioner olmadığından ora minən yuxarı çatana kimi istidən kababa dönə bilər:
“İçərişəhərdə məlumatlandırıcı materiallar yox dərəcəsindədir. “Brilliant əl”, “Amfibiya adam” filmlərinin çəkildiyi yerlərdə heç bir işarə yoxdur. Elə mən özüm həmin yerləri tapmaq üçün dəfələrlə ətrafdakılardan soruşmalı oldum. Hərçənd ki, həmin yerlərdə filmlərdən səhnələri əks etdirən şəkilllər və ya barelyeflər qoymaq olardı. Bir çox kafe, bar, restoranlarda potensial turistlər olan ruslar üçün onların dilində heç bir menyu yoxdur. Ümumiyyətlə menyu məsələsində bir standart müəyyən edilməlidir. Menyular ya azərbaycan, ya rus, ya da yalnız ingilis dilində olur.
Məni ən çox təəccübləndirən və ağrıdan “Jumeirah Bilgah Beach Hotel” kimi gözəl, on milyonlarla pul xərclənmiş bir kompleksin faktiki olaraq boş olması idi. Oradakı xidməti gördükdən sonra hər şey aydın oldu. Dənizə baxan restoranda iki şüşə su istədik. 11 nəfər ofisiantın olduğu, bir nəfər də müştərinin olmadığı halda bizim stola yaxınlaşmaları və adi su gətirmələri bir neçə dəfə müraciətdən sonra az qala yarım saat çəkdi. Dənizin içindəki təxminən 1000 kv.m. olan ideal istirahət sahəsi isə bağlı idi. Çox güman ki, həmin kompleks nəinki bir manat da xeyir vermir, əksinə ziyanla işləyir. Əminəm ki, həmin kompleks zəhmətlə qazanılmış pullar hesabına tikilmiş olsaydı o vəziyyətdə olmazdı”.
O, yekunda Hava Limanı ilə bağlı bəzi təəssüratlarını da yazıb:
“İlk olaraq onu qeyd edim ki, minimal pulsuz dayanma müddəti yoxdur. 15 dəqiqəlik gəlsən də dayanacaq pulu ödəməlisən. Bundan əlavə Bakıya enən turist üçün məlumat qıtlığı var. Misal üçün Tiflisdə aeroportun çölündə böyük məlumat yazısında qeyd edilib ki, şəhər mərkəzinə taksi 35 lari. Bununla aldadılma hallarının da qarşısı alınır. Avropa ölkələrində isə aeroport çıxacağında taksilərin növbə ilə durduqları xüsusi dayanacaqlar olur. Orada heç kim başqasının növbəsinə girmir və aeroportdan çıxan kimi üzərinə 10 nəfər “maşın lazımdır?” deyərək hücum çəkmir…”
Gununsesi.info