Jurnalist atasının ölümünə görə məhkəmə qərarından yenə narazıdır – 166 MİNLİK İDDİA

  • By admin
  • 03 Aprel 2018 11:38

 

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi, bir nəfərin öldüyü, daha birinin xəsarət aldığı yol qəzası törətməkdə təqsirli bilinən Seymur Qarayevin cəzası 4 il 11 ay 28 gündən 4 il 6 aya endirilib. Aprelin 3-də Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

S.Qarayevin törətdiyi yol qəzasında dünyasını dəyişmiş Əli Əliyev jurnalist İmdad Əlizadənin atasıdır. Zərərçəkmişin hüquqi varisi qismində tanınan jurnalist də hökmdən apellyasiya şikayəti vermişdi.

Gununsesi.info xəbər verir ki, onun şikayəti də qismən təmin olunub. İ.Əlizadə ona dəymiş mənəvi ziyana və atasının komada olduğu 1 il 4 ay 18 gün ərzində çəkdiyi xərclərə görə təqsirləndirilən şəxsdən 166 min 531 manat tələb edirdi. Nərimanov Rayon Məhkəməsi bu mülki iddianın yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin etmişdi. Apellyasiya Məhkəməsi isə məbləği 120 min 931 manata qədər artırıb.

İ.Əlizadə bildirir ki, qəzadan sonra atasının müalicəsi üçün 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4 min 700, Mərkəzi Klinik Xəstəxanada 67 min 881, “Avrasiya” Hospitalda 59 min 50, Bakı Sağlamlıq Mərkəzində 5 min 900 manat, dəfn və yas mərasimlərinə 14 min manat xərclənib. “Avrasiya” hospitalına 11 min 270 manat da borclu qalıblar. Zərərçəkmiş xəstəxana qəbzlərini də təqdim edib.

Məhkəmə belə nəticəyə gəlib ki, “Semaşko” və Bakı Sağlamlıq Mərkəzində müalicəyə sərf edilən vəsaitin, eyni zamanda yas mərasimi üçün çəkilən xərclərin qəbzləri məhkəməyə təqdim edilmədiyi üçün həmin hissə baxılmamış saxlanılıb.

Məbləğin artırılmasına baxmayaraq, İ.Əlizadə yenə qərardan narazı qalıb və bildirib ki, Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. Qarayev Seymur Vidadi oğlu idarə etdiyi GAC markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Ələsgər Talıbovu vurub.

Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə “Avrasiya Hospital”da müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Ə.Talıbov isə bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

Gülər

Gununsesi.info