
Bu gün səhər saatlarında Avropa.info xəbər portalının direktoru Ruslan Bəşirli şəxsi avtomobili ilə Neftçilər xəstəxanasından Yusif Səfərov küçəsinə (Xətainin heykəli olan küçə) çıxarkən “Mercedes” markalı maşın onun avtomobilini vurub.
Gununsesi.info xəbər verir ki, Ruslan Bəşirli dönmə hərəkəti edərkən “Mercedes” markalı avtomobilin sürücüsü onun yolunu çıxaraq, yol hərəkətini kobud şəkildə pozaraq, onun avtomobilini vurub.
Ruslan Bəşirli deyir ki, Xətainin heykəlinin yanından dönmə hərəkəti edərək geri qayıtmaq istəyirmiş: “Bu səbəbdən də avtomobili yolun 2-ci zolağı ilə idarə edirdim. Elə təzəcə dönürdüm ki, 1-ci zolaqdan “Mercedes” markalı bir avtomobil sürətlə düz xətti üzrə hərəkət etdi. Yəni “Mercedes” dönmə hərəkəti deyil, qanunsuz olaraq Cavanşir körpüsü istiqamətinə hərəkət edirdi. Qısası, mənim dönmə etdiyim yolda qarşıma çıxdı, nəticədə qəza baş verdi. Mənim də onun da avtomobili əzildi”.
Hadisə yerinə Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları gəlib. R.Bəşirlinin sözlərinə görə, yol polisi əməkdaşlarından sonra “Mercedes” sürücüsünün qohum-əqrabası gəldi, mübahisə etməyə başlayıb, təqsirin onda olduğunu bildiriblər: “Mən də dedim ki, yol polisi gəlib araşdıracaq. Hayküyə ehtiyac yoxdur. Bunun qohumlarından biri başladı ki, mən polisdə işləmişəm, hamı məni tanıyır. Bu adam telefonu götürüb başladı müxtəlif yerlərə zəng etməyə. Sığorta da gəldi yazdı pozdu. Mən də Vaqif Əsədova zəng etdim ki, belə bir hadisə baş verib. Xahiş edirəm, tapşırın düzgün araşdırsınlar. O da dedi ki, narahat olma. Bakı Şəhər Yol Polisi idarəsində 17-ci otaqda bizi qəbul etdilər. Mən içəri girən kimi burada olan 3 yol polisi əməkdaşı başlasdılar ki, təqsir səndədir. Deyirəm, ay yoldaş, mən dönmə hərəkəti edəndə bu mersedes sürücüsü mənim qarşıma çıxıb, dönmə hərəkəti olan palasada maşını düz xəttlə idarə edib. Bu adamın heçmi təqsiri yoxdur? Deyirlər ki, düzdür, o qayda pozuntusu edib, amma təqsir səndədir). Deyirəm, kamera görüntülərinə baxmısınızmı? Deyirlər, yox. Qısası, mənə cərimə yazdılar, avtomobilimi də özüm təmir etdirməliyəm. Amma izahatımda nə qədər dirənsələr də onların istədiyi kimi yazmadım. Xahiş edirəm, bilənlər yazsınlar. Mənim təqsirim yoxdursa və mənə qanunsuz olaraq cərimə yazılıbsa, bu işi edən yol polislərini işdən qovdurancaya qədər əl çəkməyəcəm. Bütün dövlət qurumlarına müraciət edib məsələni ictimailəşdirəcəm”.
Gununsesi.info