“İnsanlar heç vaxt oyanmayacaqlar. Amma mən inanmaq istəyirəm ki, mənim nəslim nəyisə dəyişə bilər…”
Gununsesi.info xəbər verir ki, 2 oktyabr 2020-ci ildə müstəqil “KozaPress” nəşrinin baş redaktoru İrina Slavina Daxili İşlər Nazirliyinin Nijni Novqoroddakı idarəsinin binası yaxınlığında özünü yandırıb və dünyasını dəyişib.
47 yaşlı jurnalistin yaxınları əmindirlər ki, o, hakimiyyətin uzun illər təzyiqləri nəticəsində bu addımı atıb. Onun qohumları hələ də Slavinanın intihar etməsi ilə bağlı cinayət işinin açılmasına nail ola bilməyiblər, lakin jurnalistin ölümündən iki il keçsə belə, cəhdlərini tərk etmirlər…
“Jurnalistlər getdikcə azalır. Son bir neçə ildə onlar getdikcə azalıb və azalırlar. Biri həlak olur, digəri 22 il azadlıqdan məhrum edilmiş İvan Safronov kimi tutulur. Bəziləri Rusiyada işləmək mümkün olmadığı üçün çıxıb gedirlər. Jurnalistika mahiyyət etibarilə yox olub…”.
Bu fikirləri Rusiyanın hazırda Riqada fəaliyyət göstərən “Meduza” nəşrinə müsahibəsində 2 oktyabr 2020-ci ildə Nijni Novqorodda polis binası yaxınlığında özünü yandıraraq həlak olmuş jurnalist İrina Slavinanın qızı Marqarita Muraxtayeva ifadə edib.
“İndi bütün ziyalılar, az-çox düşünən insanlar Rusiyadan gedirlər. Anam vətənindən getməzdi, qalardı. Amma bütün bunların sonu necə olacaqdı? Məncə, çox yaxşı olmayacaqdı…”- söyləyən Marqarita “Ukraynada başlanan müharibə ananızın hərəkətinə olan münasibətinizi dəyişdi?” sualını belə cavablandırıb:
“Məncə o, hər şeyi qabaqcadan görüb. Bütün bunları çox təhlil etdim və belə qənaətə gəldim ki, onun özünü öldürməsi həbsxanada olmasından yaxşıdır. Çünki anam indi sağ olsaydı, mütləq həbsxanada olardı. Onun kimilər həbsxanada yaşaya bilməzdi. O, ölkədəki, Ukraynadakı, dünyadakı vəziyyətə çox həssas yanaşardı. Düşünmürəm ki, o, gecələr rahat yata bilərdi…”
“Hansısa gələcəyi təsəvvür edirsiniz?” sualına isə bir müddət anasının nəşrini qoruyub saxlamaqla jurnalist kimi fəaliyyət göstərmiş M.Muraxtayeva belə cavab verib:
“Gec və ya tez hakimiyyət dəyişəcək. Putin əbədi yaşamayacaq, gec-tez o da öləcək. Amma başqa bir məsələ odur ki, bir Putinin yerinə başqa bir Putin gələcək… Ancaq bir nöqtə ümidim var ki, hakimiyyət dəyişdikdə, bu dönmə nöqtəsi, daha müsbət bir şeyə səbəb olacaq. İnsult keçirən atanızın və ya yeni doğulmuş oğlu olan qardaşınızın döyüşə göndəriləcəyindən qorxduğunuz zaman dönüş nöqtəsinin olacağına inanmaq çətindir. Amma heç olmasa, bu ümidlə yaşaya bilərsən…”
“İnsanlar heç vaxt oyanmayacaqlar. Amma mən inanmaq istəyirəm ki, mənim nəslim nəyisə dəyişə bilər”- jurnalist İrina Slavinanın intiharından öncə məqalələrindən birində yazdığı fikirlərdən biri də bu olub…
Gununsesi.info