“Jurnalistlər şəxsi həyata hörmət prinsipinin mahiyyətini bilmirlər” -EKSPERT

  • By admin
  • 11 Oktyabr 2016 16:21

abil

Bu gün Mülki Cəmiyyətə Doğru Mərkəzi “KİV-də təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması ilə bağlı vəziyyətin monitorinqi: nəticələr və tövsiyələr” mövzusunda dəyirmi masa keçirib.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, Mülki Cəmiyyətə Doğru Mərkəzin direktoru Abil Bayramov layihənin məqsədi televiziyalarda, yazılı mətbuatda, xəbər portallarında və digər kütləvi informasiya vasitələrində təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunmasını təmin etmək üçün maarifçiliyin genişləndirilməsinı vacib sayır. Layihə çərçivəsində təqsirsizlik prezumpsiyasına əməl olunması vəziyyəti ilə bağlı kütləvi informasiya vasitələrinin monitorinqinin aparılıb, monitorinqin nəticələri əsasında hesabat və tövsiyə sənədi hazırlanıb.

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli monitorinqin nəticələrini təqdim etdi. O qeyd etdi ki, monitorinq zamanı beynəlxalq praktikanın müəyyən etdiyi standartlar da yaxından incələnmiş, xüsusilə Avropa Məhkəməsinin praktikası yaxından öyrənilərək, hadisələrin qiymətləndirməsində bu təcrübədən istifadə edilmişdir.

Monitorinqə 3 televiziya cəlb edilmişdir. Yayımın mahiyyəti nəzərə alınaraq, İctimai Televiziya, populyarlığı nəzərə alınaraq ANS TV və Xəzər TV-lər bu siyahıya cəlb olunmuşdur. Monitorinq davam edərkən ANS TV-nin lisenziyası ləğv edildiyinə və TV bağlandığına görə onun ilkin nəticələri qiymətləndirmədən çıxarılaraq, digər iki televiziyanın nəticələri qiymətləndirməyə daxil edilmişdir. İctimai Yayımda yayımlanan “Qanundan kənar” verilişi və Xəzər TV-nin Ana xəbər bülleteni monitorinqə cəlb edilən proqramlar olmuşdur.

Monitorinqə cəlb edilən digər kütləvi informasiya vasitələrindən biri dövlət informasiya agentliyi “Azərtac”ın rəsmi internet səhifəsi www.azertag.az, digər iki resurs isə istifadəçi sayına və populyarlığına görə geniş istifadəçini cəlb edən Yeni Müsavat qəzetinin www.musavat.com internet səhifəsi və www.qafqazinfo.az internet xəbər saytı olmuşdur.

Monitorinqin nəticələri göstərir ki, təqdim olunan kriminal xəbərlərdə, əsasən, eyni yanaşma olub, hadisələr və hadisələrdə təqsirləndirilən və ya şübhəli kimi müəyyən edilənlər birbaşa cinayəti işlətmiş şəxs kimi təqdim olunub. Azyaşlıların qorunması, zərərçəkənlərin şəxsiyyətinin qorunması prinsipləri də sistemli şəkildə pozuntuya məruz qalıb.

Monitorinq zamanı ən az pozuntunun olduğu mənbə “Azərtac” olub. “Azərtac” birbaşa öz məlumatlarında təqsirsizlik prizumpsiyası hüququnu pozan formatdan uzaq olub. Rəsmi məlumatları təqdim edən Vergilər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Kömrük Komitəsinin təqdim etdikləri informasiyalarda bu tip pozuntular olub, Agentlik bu pozuntuları olduğu kimi mənbəyini göstərməklə təqdim edib.

Monitorinq göstərir ki, mediada problemlər təxmin edildiyindən də dərindir. Bu problemlərin doğuş səbəbləri müxtəlif ola bilər. Ən diqqətçəkən məqam yayımlanan məlumatların başlıqlarıdır. İlk növbədə oxunaqlı olmaq, xəbərlərə tıklanmasını təmin etmək, reytinq qazanmaq üçün diqqitçəkici başlıqlar seçmək məqsədi güdülür. Bu məqsədlə sensasiyalı başlıqlar verilir və bununla şəxslərin təqsirsizlik prezumpsiyası hüququ pozulur.

Digər önə çıxan məsələ jurnalist peşəkarlığı məsələsidir. Xəbərlərin yazılışından, seçilən ifadə tərzindən bəlli olur ki, jurnalistlərin bu istiqamətdə maarifləndirilməsinə ciddi ehtiyac var. Jurnalistlərin hüquqi bilgiləri çox azdır və onlar xüsusilə kriminal xəbərlərlə işləməyi, habelə şəxsi həyata hörmət prinsipinin mahiyyətini bilmirlər.

Digər bir diqqət çəkən məqam da, redaktorların məsuliyyətsizliyi məsələsidir. Xəbərləri yayan, ona son təsdiq verən məsul redaktorlar jurnalistlərin boşluqlarını tamamlamalı, səhvlərə və pozuntulara yol verməməlidir. Halbuki, çox sayda belə pozuntuların yayılması göstərir ki, məsul redaktorlar da bu istiqamətdə müəyyən maarifləndirməyə ehtiyac hiss edirlər.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info