“Jurnalistlər və media nümayəndələri dil normalarına nümunə olmalıdır” -Kamran Həsənov

Noyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Medianın İnkişafı Agentliyi (MEDİA) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirin məqsədi media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsini təşviq etmək, dil mədəniyyətini inkişaf etdirmək və mediada nitq standartlarının yüksəldilməsinə töhfə vermək olub.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov konfransın ideyasının Prezident İlham Əliyevin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşündə səsləndirdiyi aktual məsələlərdən qaynaqlandığını bildirib:

“Cənab Prezidentin çıxışında ölkənin qarşısında duran əsas amillərdən biri dilin saflığı, ədəbi dilin qorunub saxlanılmasıdır. Bu da onu göstərir ki, Prezident bu məsələyə xüsusi həssaslıqla yanaşır. Ədəbi dilin qorunub saxlanılması və təmizliyinin təmin edilməsi hər kəsin əsas vəzifələrindən biridir.

Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb, dövlət orqanlarında, məktəblərdə və universitetlərdə dilin öyrənilməsinə diqqət yetirilir. Qloballaşma ilə üz-üzə qaldığımız bir dövrdə dilin saflığı ilə qloballaşma arasında tarazlıq yaratmaq mümkündür. Lakin yeni terminlərin meydana çıxması müəyyən çətinliklər də yaradır. Bu səbəbdən yeni terminlərin işlədilməsi zamanı dilçilərin üzərinə böyük məsuliyyət düşür”.

Kamran Həsənov qeyd edib ki, ədəbi dil təkcə rəsmi yazışmalar üçün deyil, həm də gündəlik həyatımızda və mediada istifadə edilməlidir.

“Ədəbi dilin saflığının qorunması üçün bu prosesin davamlı olması vacibdir. Dilin kamil şəkildə qorunması zəruridir. Buna görə də media və jurnalistlərin məsuliyyəti daha çoxdur. Cəmiyyətdə dil haqqında təsəvvür formalaşdıran məhz mediadır.

Bu baxımdan jurnalistlər və media nümayəndələri dil normalarına nümunə olmalıdırlar. Təəssüf ki, bəzən bu nümunəlik qorunmur və mütəxəssislər tərəfindən tənqidlər səsləndirilir. Bununla bağlı Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası müəyyən təkliflər irəli sürür. Efir məkanında və çap mediasında ədəbi dil normalarına əməl olunması zəruridir”.

Qeyd edək ki, noyabrın 3-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində çıxışı zamanı dilin saflığının qorunmasının vacibliyinə diqqət çəkib.

“Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur”, – deyə dövlət başçısı bildirib.

Prezident əlavə edib ki, beynəlxalq leksikon var və hər birimiz ondan istifadə edirik, lakin əgər Azərbaycan dilində qarşılığı olan bir söz mövcuddursa, onu başqa dildən gətirib əvəzləmək ya səhvdir, ya da təxribatdır və hər iki hal qəbuledilməzdir”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info