Jurnalistlərin binasına görə yığılan pullar kimə verilib?

  • By admin
  • 27 Mart 2018 12:18

Bakının Bibiheybət ərazisində, jurnalistlər üçün tikilmiş binadan ev verdirmək adıyla müxtəlif peşə sahiblərindən pul  alıb, onları aldatmaqda ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynov yığdığı pulları başqa birinə verdiyini deyir. Həmin adamın da məhkəmədə dindirilməsini istəyir.

Gününsesi.info xəbər verir ki, CM-nin 178.3.3 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunan baş redaktor martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə vəsatət qaldırıb. Onun sözlərinə görə, eyni zamanda, rəhbərlik etdiyi qəzetin vəsiqəsini verib, jurnalist kimi təqdim etdiyi adamlardan aldığı pulları Aslan Ağayevə verib. Amma sonradan Aslan Ağayev onu silahla hədələyərək bu barədə kiməsə məlumat verməməyi tələb edib: “Polisə xəbər versəm, ailə üzvlərimi öldürəcəyini dedi. Mən də bundan qorxdum. Məhkəmə Aslan Ağayevi gətirib dindirməlidir, o məsuliyyətə cəlb olunmalıdır”.

Hakim Gündüz Hüseynovdan soruşub ki, niyə istintaq zamanı Aslan Ağayev barədə danışmayıb, pulları ona verdiyini deməyib?

Təqsirləndirilən baş redaktor cavabında bildirib ki, istintaq zamanı müstəntiqin tələb etdiyi bütün sənədlərə imza çəkib. Onun sözlərinə görə, ailəsinə kömək edilməsi qarşılığında bu cür davranıb.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin bəhs etdiyi Aslan Ağayev barədə məlumatlar natamamdır. Çünki Gündüz Hüseynov məhkəməyə yalnız Aslan Ağayevin mobil telefonunu təqdim edib. Bununla şahidin tapılması mümkün olmaya bilər. Məhkəmə Gündüz Hüseynova aprelin 10-na qədər vaxt verib ki, əlavə şahid kimi dindirilməsini istədiyi Aslan Ağayev haqda informasiyaları tam şəkildə təqdim etsin.

İttihama görə, Gündüz Hüseynov “Zaman Press”in vəsiqəsini verdiyi sürücü, müğənni və başqa peşə sahiblərindən ümumilikdə 264 min manat pul alıb. Ev almaqdan ötrü pul vermiş adamların bir neçəsi dünyasını dəyişib.

Gülər

Gununsesi.info