Jurnalistlərin binasında ev verdirmək adı ilə 264 minlik dələduzluq- MƏHKƏMƏ

Jurnalistlərin binasında ev verdirmək adı ilə 264 minlik dələduzluq

Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun haqqındakı cinayət işinə baxılır.

Gununsesi.info xəbər verir ki, o, qəzetində işləmiş və başqa şəxslərdən Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən binada ev verdirmək adı ilə külli miqdarda pul almaqda ittiham olunur. Cinayət işinin materiallarına görə, zərərçəkmişlərdən ümumilikdə 264 min manat pul alınıb. Gündüz Hüseynova CM-nin 78.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün məhkəmədə zərərçəkmiş şəxslərdən Bayram İsmayılovun həyat yoldaşı Sveta Qarayeva dindirilib. O, məhkəməyə ifadəsində bildirib ki, həyat yoldaşı rəhmətə gedib: “Gündüz Hüseynov ərimdən 33 min manat pul alıb. O pul bizə  ev verdirmək adı ilə alınıb”.

Qeyd edək ki, Bayram İsmayılov taksi fəaliyyəti ilə məşğul olub. Həyat yoldaşının sözlərinə görə, təqsirləndirilən şəxs ona jurnalist vəsiqəsi vermişdi: “Jurnalistlərə ev veriləndə bildik ki, Gündüz bizi aldadıb. Sonra ona zəng çatmadı. Həyat yoldaşım pulları Gündüzə natariusda verib”.

Məhkəmədə dindirilən Xalidə İsmayılova isə özü də “Zaman Press”də çalışdığını deyir. Onun sözlərinə görə, Gündüz Hüseyova 41 min 500 manat pul verib: “Orada altı ay işlədim. Rəhmətlik anamın adından qəzetə yazılar verirdim. Anam məktəbdə dərs deyirdi. Gündüz Hüseynov mənə jurnalistlərə verilən mənzildən ev verilə biləcəyini dedi. Ona 42 min manat pul verdim”.

Məhkəmədə Gündüz Hüseynov bildirib ki, adamların pullarını o yox, Xəyyam İsmayılov yeyib: “Məni KİV-in Həmkərlar İttifaqının sədri Çingiz Qurbanov “İlin jurnalisti” seçib. Mən heç vaxt Xalidə xanım kimi başsız qalan, iki körpəyə baxan qadının pulunu yemərəm. Xəyyam məhkəmədə dindiriləndə bütün bu məsələlərə aydınlıq gətirəcəm”.

Bu iş üzrə növbəti məhkəmə iclası fevralın 20-nə təyin olunub.

COMMENTS