Jurnalistlər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər

  • By admin
  • 20 Fevral 2017 12:43

aytanlar

 Jurnalist Aytən Fərhadova və Aynurə Heydərova ölkədən çıxışlarına qoyulan qadağaya görə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər.

Gununsesi.info-nun xəbərinə görə,  bu haqda jurnalstlər sosial şəbəkədəki səhifələrində yazıblar.  Belə ki, onların ərizəsində Avropa Konvensiyasının 6.1-ci (məhkəməyə çatımlılıq hüququ), 13-cü maddəsinin (səmərəli müdafiə vasitələri hüququ) və 4 saylı protokolun 2-ci maddəsi (sərbəst hərəkət etmək azadlığı) pozuntusunun tanınması xahiş edilib. Bildirilib ki,  onlara ölkədən çıxış qadağası Meydan TV rəhbərliyinə qarşı başlanmış cinayət işi ilə əsaslandırılır.

Jurnalistlərin vəkili Fariz Namazlı isə qeyd edib ki,  Meydan TV-nin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi çərçivəsində bir neçə jurnalistin, o cümlədən Aytən Fərhadova və Aynurə Heydərovanın da  ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Aytən Fərhadova cinayət işi ilə bağlı İstintaq İdarəsində dindirilib. Aynurə Heydərova isə ölkədə olmadığına görə, 2015-ci ilin noyabrında onun Gəncə şəhərindəki qeydiyyatda olduğu ünvana Gəncə şəhər Baş Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları gedərək, ailə üzvlərini polis bölməsinə aparıb, jurnalistin fəaliyyəti ilə bağlı dindiriblər.

Xatırladaq ki, Vergilər Departamenti jurnalistlərin vergi fəaliyyətini yoxlasa da, hər hansı pozuntu tapmayıb. Hər iki jurnalist məhkəməyə müraciət edərək, Baş Prokurorluğun onların ölkədən çıxışına qoyduğu qadağanın qanunsuz sayılmasını istəyiblər. Nəsimi Rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi iddianın İnzibati-İqtisad Məhkəməsinə verilməsini tövsiyə edərək, şikayəti icraata götürməkdən imtina edib.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi də şikayətə baxmaqdan imtina edib. Bundan sonra jurnalistlər Avropa Məhkəməsinə müraciət etməli olublar.

Gülnaz Qənbərli

Gununsesi.info