Jurnalistlər Dilqəm və Şahbazla görüşmək istəyir - TƏŞƏBBÜS QRUPU

  • By admin
  • 11 İyul 2016 13:21

dilqem

 

Hazırda erməni əsirliyində olan əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə jurnalistlərin görüşünü təşkil etmək üçün təşəbbüs qrupu yaradılıb. Bu haqda Gununsesi.info-ya “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” könüllü jurnalistlərdən ibarət təşəbbüs qrupunun sədri Ülkər Musazadə xəbər verib. Onun sözlərinə görə, təşəbbüs qrupunun yaradılmasında məqsəd Şuşa həbsxanasında saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaldıqları şərait və onların səhhəti ilə bağlı geniş auditoriyaya gərəkli, eləcə də, şəffaf informasiyaların çatdırılmasıdır.

Qeyd edək ki, bu gün Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən düz 2 il ötür.

“Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adı altında könüllü jurnalistlərin təşəbbüs qrupu bir qrup jurnalist tərəfindən yaradılaraq, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini real olaraq, çatdırılması baxımından bir fürsət hesab edilir. Bu məqsədlə Təşəbbüs qrupuna könüllü olaraq, üzv olan jurnalistlərin siyahısı və müraciətləri birbaşa olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəhbərliyinə, Ermənistan və Azərbaycan tərəfinin ombudsmanlarına təqdim olunacaq.

Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qondarma məhkəmə qurub, onları azadlıqdan məhrum etməklə erməni tərəfi, əslində, Cenevrə Konvensiyasının Beynəlxalq Hümanitar Hüquq Prinsiplərinin c) bəndinin müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsi maddəsini, eyni zamanda Beynəlxalq humanitar hüququn əsas normaları bəndinin 7 maddəsini bütünlüklə pozmağa davam edir.

İnsan Hüquqları Konvensiyasının müddəalarını nəzərə alaraq, müharibə şəraitində olan tərəflər arasında əsirlərin saxlanılma şəraitinə nəzarət, həmən əraziyə səfər etmək iqtidarında olan istənilən humanitar təşkilatın (xüsusən də, Beynəlxalq Qızıl Xaç Komitəsinin) müşayiəti ilə əsirləri görmək üçün şəraitin yaradılması məqsədə uyğundur.

Xatırladaq ki, hazırda 4 mindən artıq soydaşımız Ermənistan tərəfindən əsir götürülüb və ya girovluqdadır. Onlardan yalnız Dilqəm Əsgərov və Şahbaz Quliyevin konkret olaraq, saxlandığı yer məlumdur.

Bu baxımdan “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adlı könüllü jurnalistlərin təşəbbüs qrupunun başlıca məqsədi girovlara baş çəkməklə yanaşı, dünya ictimaiyyətinə yalan informasiyaların çatdırılmasının qarşısının alınması, həqiqi informasiyaların verilməsi, eyni zamanda real Azərbaycan həqqətlərinin beynəlxalq müstəvidə işıqlandırımasına nail olmaqdır.

“Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” könüllü jurnalistlərdən ibarət təşəbbüs qrupuna arzu edən istənilən xarici jurnalistlər də qoşulmaq, Təşəbbüs qrupunda təmsil olunmaq ixtiyarına sahibdir. “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” könüllü jurnalistlərdən ibarət təşəbbüs qrupuna qoşulmaq istəyən jurnalistlər “ulker.semedova@mail.ru” elektron ünvanına öz müraciətlərini göndərə bilərlər.

Xatırladaq ki, Təşəbbüs qrupuna ilkin olaraq, VoicePress.az İnformasiya Bürosunun baş redaktoru Ülkər Musazadə, “Yeni Azərbayan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “Palitra” qəzetinin əməkdaşı Fuad Hüseynzadə, İnformasiya Təşəbbüsü Mərkəzinin rəhbəri Fuad Abbasov, Qurtuluş Tv-nin rəhbəri Rəşad Məmmədov, Mədəniyyət Tv-nin redaktoru Günel Rüstəmova, Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsul, “Lacin.info” saytının baş redaktoru Siyavuş Əmirli, “Shushapost.az” saytının baş redaktoru Səbuhi Abbasov və digər jurnalistlər də qoşulub.

 

Gülnaz Qənbərli