Jurnalistlərin İnam Kərimovla görüş təşəbbüsünün müəllifi danışdı - İNSAN HAQLARINDAN YAZAN MEDİA KƏNARDA QALDI

  • By admin
  • 25 May 2023 16:53

“Azərbaycanda məhkəmə orqanları ilə media arasında ciddi uçurum var. Mən Ali Məhkəmə sədri İnam Kərimovla media mənsublarının görüşünün təşəbbüskarı olmuşam. Ancaq bu görüş oldu və formal xarakter daşıdı. Həmin görüşdə insan haqlarından yazan, məhkəmə-hüquq sisteminin problemlərini işıqlandıran media orqanlarının təmsilçiləri yox idi. Ona görə həmin görüşün hansısa ciddi əhəmiyyətinin olacağını düşünmürəm”.

Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Ceyhun Yusifov  Ali Məhkəmənin yeni sədri İnam Kərimovun media təmsilçiləri ilə görüşünü şərh edərkən bildirib.

Qeyd edək ki, Ceyhun Yusifov media təmsilçiləri ilə Ali Məhkəmə sədrinin görüş təşəbbüsünün müəllifidir.

 

 

Onun sözlərinə görə, Ali Məhkəmə sədri ilə görüşdə bir sıra prinsipial mövzular var ki, onlar mütləq qaldırılmalı idi: “Bildiyim qədər orada ancaq tərif yazanlar toplaşıb. Bu gün vəkil kimi bildirirəm ki, Azərbaycanda məhkəmə prosesləri jurnalistlər üçün əlçatan deyil. Media nümayəndələrini səs-küylü proseslərə buraxmırlar. Bundan başqa jurnalistlər məhkəmələrdən informasiya ala bilmir.   Formal olaraq, məhkəmələrdə media üzrə əlaqələndirici olan hakim təyin olunub. Amma həmin hakimlər birmənalı olaraq jurnalistlərdən qaçır. Bütün bu məsələlər danışılmalı idi”. 

Tanınmış vəkilin sözlərinə görə, ölkənin məhkəmə-hüquq sisteminin problemlərindən yazan, Avropa Məhkəməsinin presedent hüququnun geniş yayılmasını təbliğ edən media orqanları bu görüşə dəvət almalı və dinlənilməli idi.

Günel

Gununsesi.info